Noyabrın 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Teleqraf.com-un məlumatına görə, 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün - metropolitenin tikintisi qərara alınıb.
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane olub. Yalnız 1947-ci ildə hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılmasına, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 kilometrlik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı Metropoliteninin istismara verilməsini xeyli gecikdirir. 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da biri “Qara şəhər” adlanan ərazidə yerləşən “Xətai” stansiyası idi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Şəhər nəqliyyatının 30 faizini təşkil edən Bakı Metropoliteninin inkişaf planına əsasən 2030-cu ilədək metro stansiyaların sayı 76-a, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaq.