Azərbaycan Cümhuriyyəti liderlərindən, sonuncu Daxili İşlər naziri, ömrünün böyük hissəsini mühacirətdə keçirən Mustafa Vəkiloğlu maraqlı publisistik məqalələri ilə də tanınmaqdadır.
O, mühacirətdə nəşr olunan “Yeni Kafkasya”, “Odlu Yurd”, “İstiklal”, “Mücahit”, “Türk izi” və s. jurnal və qəzetlərdə yazılar qələmə alıb. Mustafa bəyin yazıları daha çox mühacirətin ağrı-acısını, şanlı Cümhuriyyət dövrünün xatirələrini ehtiva etməkdədir. Onun 1954-cü ildə “Türk Yolu” jurnalında çıxan “Mübarizəmiz” adlı məqaləsi də məhz Cümhuriyyət illərində görülən işlərlə bağlıdır. Amma bu yazıda maraqlı olan önəmli məsələlər də var. Hələ ki başqa qaynaqda rast gəlmədiyimiz bəzi bilgilər də yer alıb. Məsələn, Azərbaycan hökumətinin parlament üzvlərindən Rəhim bəy Vəkillini Mustafa Kamal paşayla görüşə göndərməsi təsdiqini tapmayan maraqlı iddiadır.
Məqalədə mühacirətdaxili bəzi umu-küsülərə də toxunulub, ad çəkməsə də, “yalnız bir adam” deyə işarə etdiyi şəxsin Məhəmmədəmin Rəsulzadə olduğu açıq görünməkdədir.
Bu maraqlı məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:
*
Mustafa Vəkiloğlu
Mübarizəmiz
Mübarizəmiz Azərbaycan mübarizəsidir. Bəzi mühitlərdə getdikcə, təəssüf ki, nağıl kimi mövzu halına gəlmiş bəxtsiz Azərbaycanın mübarizəsidir. Bu mühitlərdə - Biri var imiş, biri yox imiş, bir Azərbaycan varmış – qəbilindən, bəlkə də, zaman-zaman bir hekayə eşidə bilərsiniz. Fəqət iş bununla bitir və ondan sonra da bu qədər illərdir ağrılı-ağrılı seyr etdiyimiz bu bitməz-tükənməz biganəlik başlayır. Sanki o ölkədə cərəyan etmiş və etməkdə olan hadisələr Arazın o tərəfində deyil də, Paraqvayda olurmuş...
Halbuki Azərbaycan böyük Türk dünyasının açarı dəyərində mühüm bir yol qovşağıdır və orada baş verənlər nağıl deyil, qanlı mücadilə və faciədir.
34 ildən bəri hürriyyət və istiqlal üçün çırpınan bu Türk diyarının fəryadı asimanı titrədir. Fəqət nə yazıq ki Şərq və Qərb hələ bu fəryadlara qulaqlarını və gözlərini qapamaqdadır.
Azərbaycan dürüst, çalışqan və cəsur xalqı ilə canlı-qanlı və çox dinamik milli bir varlıqdır. Bu varlıq tarixdə yaşamış, yaşayır və yaşayacaqdır. Yaşayacaqdır, çünki milli mənliyi uğrunda verdiyi on minlərlə şəhidinin qanı ilə tarixə şanlı səhifələr yazmış və yazır...
1918-ci ilin gözəl bir bahar günündə - 28 mayda istiqlalını elan etmiş Azərbaycan bundan bir əsr əvvələ qədər də azad və müstəqil olaraq yaşamışdır. Əsrlərdən bəri Aralıq dənizinə çıxmaq istəyən Moskva axınları Qafqaz dağlarının qartalları – qəhrəman çeçen, inquş, çərkəs qardaşlarımızın qorxusundan o zaman şimaldan Qafqaza soxula bilmirdi və ruslar XX əsrin başlanğıcında bir çox siyasi hiylə və intriqaları sayəsində qərbdən Gürcüstan yolu ilə Qafqaza endilər və ondan sonra da Azərbaycan xanlıqlarının üzərinə yürüdülər. İlk hədəf Gəncə xanlığı oldu. Gəncənin qəhrəman hökmdarı Cavad xan əsgərlərinə şəxsən əmr verərək hərbi özü idarə edirdi. Qalanı mühasirə edən düşmən komandanın bir çox təslimiyyət təkliflərini cəsarətlə rədd etdi və sonunda da qala surları üzərində əlində qılınc çarpışaraq oğlu ilə birlikdə şəhid oldu. Bakı xanlığını da məğlub edən rus komandanı knyaz Sisianov Bakı qalasından müzəffəranə şəkildə içəri girərkən bir azəri fədaisi tərəfindən xəncərlənərək öldürüldü və uzun davam edən hərblər nəticəsində ruslar bir əsr əvvəl Azərbaycana hakim oldular.
Bu dəfə təkrar istiqlalına qovuşmuş olan Azərbaycan bir çox müşküllər və məhrumiyyətlər içində yenidən dövlət qurmağa başladı və az zamanda bu sahədə böyük bir qabiliyyət və müvəffəqiyyət göstərdi.
Heç bir yerdən silah və təchizat almadan qısa zamanda müəyyən bir ordu qurdu. İqtisadiyyat və ziraətdə böyük bir inkişaf başladı. Kəndliləri çoxlu torpaq sahibi etmək qayəsi ilə Millət Məclisinə torpaq qanunu sövq edildi.
Birinci Dünya müharibəsindən sonra bu qoca dünyanın nizamını təyin və təsbit etməyə çalışan Versal konfransına milli hüququ və istiqlalını müdafiə və tanıtmaq üçün Azərbaycan mümtaz siyasi şəxsiyyətlərindən Əlimərdan Topçubaşının rəyasətində bir mürəxxəs heyəti göndərdi və bu heyət Versalda Avropa dövlətləri tərəfindən Azərbaycanın istiqlalını de-fakto tanıtmağa müvəffəq oldu.
Xarici siyasət sahəsindəki ilk işlərindən biri də Türkiyəyə səfir göndərmək oldu. Az sonra İstanbulun Nişantaşındakı səfarət binası üzərində Azərbaycan bayrağı dalğalanmağa başladı. Bunun arxasından İranla bir ticarət anlaşması imzalandı və Tehrana da bir səfir göndərildi. Tehran səfirimiz qəhrəman Cavad xan sülaləsindən gələn möhtərəm Adil xan Ziyadxan ömrünün xeyli irəliləmiş yaşlarını bir çox sıxıntılar içində hal-hazırda İstanbulda keçirməkdədir.
Azərbaycan yanındakı qafqazlı qonşuları ilə də ən sıx və dostanə münasibət təsisi yolunda da ciddi qərarlar aldı.
Milli hökumətin çox əhəmiyyət verdiyi sahələrdən biri də maarif idi. Bakıda ilk universitet quruldu. Mövcudlar milliləşdirilərək bir çox yeni məktəblər açıldı. İstanbul Universitetinə və Avropanın elm mərkəzlərinə müxtəlif sahələrdə ali təhsil almaq üçün hökumət hesabına yüzdən çox tələbə göndərildi. Bu arada latın hərfləri məsələsi də müzakirə edildi.
Qısacası Azərbaycan Türk millətinin tarix boyunca dövlət qurmaq qabiliyyət və ləyaqətini bir daha isbat etmiş oldu.
Bu əsəri yaradan, bu hərəkəti sövq və idarə edən kimlərdi?
Çox imanlı, fərağətli və millətçi bir münəvvərlər zümrəsi idi, bu işin “erkani-hərb heyəti”.
Ali təhsil görmüş gənc, ixtiyar hamısı milli iman və eşqlə alovlanmış bir karvan idi bu. Millətinin şüur və hissiyatından ilham alaraq yola çıxmış “ərzi müqəddəsə” doğru yol almış bir karvan..
Rusiyadakı bütün türklərin milli dava və hərəkatlarında böyük rol oynamış, Azərbaycanın tanınmış hüquqşünası Əlimərdan bəy Topşubaşı – Millət Məclisi rəisi, doktor Həsən bəy Ağaoğlu – Millət Məclisi ikinci rəisi, hüquqşünas Fətəli xan Xoyski – Baş vəkil və xariciyyə vəkili, hüquqşünas Xəlil bəy Xasməhəmməd – Ədliyyə vəkili, hüquqşünas Nəsib bəy Yusifbəyli – son Baş vəkilimiz, Səməd paşa Mehmandar – Milli Müdafiə vəkili, doktor Musa Rəfioğlu – Səhiyyə vəkili, hüquqşünas Əbdüləli bəy Əmircan – Ziraət vəkili, doktor Xosrov bəy Sultanlı – ilk Müdafiə vəkili və son Qarabağ ümumi valisi, hüquqşünas Şəfi bəy Rüstəmbəyli – Daxiliyyə vəkaləti müstəşarı, iqtisadçı Miryaqub Mehdi – məbus və Versal konfransı heyəti üzvü, Məhəmmədəmin Rəsulzadə - məbus və mühərrir, Məhəmmədsadıq Aran – məbus və mühərrir, hüquqşünas Mustafa Vəkilli – son Daxiliyyə vəkili. Daha necə qiymətli dostlar bu karvanın imanlı yolçuları arasında vəzifə almışdılar.
İndi bunlardan həyatda yalnız üç nəfər qalmışdır.
Bu tarixi günümüzdə bu əziz ölülərimizi hörmət, minnət və məhəbbətlə anmaq hamımız üçün milli və insanı bir borcdur.
Mən Azərbaycan istiqlal hərəkatının bu unudulmaz böyük öndərlərini burada xüsusilə qeyd etmək istədim, çünki son zamanlar bəzi qələm savaşçıları çəkinmədən yaxın tariximizi təhrif edərək hər fürsətdə yalnız bir adamın ismindən bəhs edirlər. Sanki zavallı Azərbaycanda kimsə yoxmuş da, hər şeyi o etmiş və edir kimi göstərmək istənilir.
Azərbaycanda xan da onunmuş, külxan da.
Bunlar meqalomaniya xəstəliyinə tutulmuş olan və ötədən bəri ucuz şöhrət arxasınca dolaşan “şeyxləri”nin bu hirsini tətmin etməyə çalışırlar. Çalışırlar, amma, bu “ilhamlı” qəsidələri ilə onu nə gülünc bir vəziyyətə saldıqlarının fərqində deyillər, deyəsən.
Xüsusilə gənclərimizin yaxın tariximizin bütün aspektini və milli hərəkatımızda, həqiqətən, böyük rol oynamış siyasi şəxsiyyətimizi yaxşı və doğru tanımaları və bilmələri şayani- arzudur.
Azərbaycandakı bütün hərəkatların ruh və canını millətçilik, türkçülük məfkurəsi təşkil edirdi. Bu hiss və şüur Azərbaycanda çox qüvvətli və köklü idi. Davamızda ilhamı, sürət və atəşi bu imandan alırdıq. Biz məfkurəsiz bir millət yaşaya bilməz qənaətində idik o zaman. Millətlərarası münasibətlərdə bəzirganlıq ruh və zehniyyətinin hakim olduğu bu dövrdə də biz yenə eyni qənaətdəyik.
Bakıda dərhal bir Türk Ocağı açıldı. Bütün toplantılarımız, bayramlarımız o ocaqda edilirdi. Ah o gözəl günlər..
Ora sadə bir isim deyildi, ora şüurlu və imanlı türkçülüyün bir məbədi idi.
Türküstandan heyət gəldi, inqilab hərc-mərcliyi içində yerli təşkilatlar qurmaq üçün bizdən əhliyyətli münəvvər adam istədi. 15-20 münəvvər gəncimizdən mütəşəkkil bir qafilə Xəzər dənizindən Daşkəndə doğru getdi.
Lehistanın Vildo şəhəri türklərindən Sulkeviç ismində bir general bolşevik fəlakətindən qurtularaq Azərbaycana sığındı. Azərbaycan ordusunda özünə münasib vəzifə tapdı. Şimali Qafqaz türklərindən Rəşid Kaplan Azərbaycan hökumətində Maarif vəkili oldu. Belə misallar çoxdur.
Nəhayət, Türkiyəyə qarşı əlaqə, məhəbbət?
O əsnada Anadoluda cərəyan edən Milli Mücadilə hərəkatını Azərbaycan təbii olaraq əlaqə və həssasiyyətlə təqib edirdi. O əsnalarda Bakı küçələrində körpə azəri cocukları boyunlarında qutular işğal fəlakətinə məruz qalmış izmirli qardaşları üçün ianə toplayırdılar. Yenə o əsnalarda bir çox zabitlərlə birlikdə Nuri, Xəlil paşalar və Kiçik Tələtlər Azərbaycan hökumətinin və xalqının çox əziz müsafirləri olaraq ümumi hörmət və məhəbbət havası içində hər çeşid qonaqpərvərlik və ikram görürdülər.
Bilindiyi kimi onlar da - mərhum Nuri paşa xaric – onlara göstərilən bu sonsuz qardaş məhəbbət və etimadını sui-istifadə edərək kommunistlərin Azərbaycanı istilasına kor-koranə dəstək oldular. Siyasətdə yarıcahil olan bu adamların o zamankı əyri, azğın fikir, təlqin və raportlarının da Moskvanın bu gün Ərzurum qapılarına qədər dayanmasında rolu vardır. O zaman bu “haillərin aradan götürülməsi” siyasətində təəssüf ki, nə tarix, nə hal və nə də istiqbal düşünülmədi, düşünülə bilmədi..
Azərbaycanın gənc ordusu üçün silaha son dərəcə ehtiyacı olduğu o əsnada hökumətimiz Batumdakı ingilis komandanına müraciət edərək onlardan silah satın almaq istədi. O zamanlar ingilislər qonşularımız Ermənistan və Gürcüstana bol silah verdiklərini bilirdik. Fəqət ingilis komandanından bizə gələn rəsmi cavabda “Nuri və Xəlil paşalar hökumət mərkəzinizdə olduqca sizə veriləcək silahların kimə qarşı istifadə ediləcəyi məchulumuz olduğu üçün bu müraciətiniz komandanlıq tərəfindən şayani-qəbul görülmədi” deyilirdi.
Silah və cəbbəxana xüsusunda çox sıxıntılı bir vəziyyətdə olan hökumətimiz ingilis komandanına tərəddüdsüz bu şəkildə bir rədd cavabı verdi: “Nuri və Xəlil paşalar bizdə siyasi qaçqındırlar. Hökumət işlərimizə qarışmırlar. Üstəlik onlar xalqımız tərəfindən də çox sevilən şəxsiyyətlərdir”.
Beləcə ingilis cənablarından silah da ala bilmədik. Sonra da öyrəndik ki, o əsnalarda Bakıdan Anadoluya göndərilən gizli raportlarda Azərbaycan hökuməti ingilis tərəfdarlığı ilə ittiham edilirmiş.
Hökumət məbuslarımızdan Rəhim Vəkillini təmas üçün Anadoluya göndərdi. Bu arkadaş o zaman Batumu işğal altında saxlayan ingilislərdən gizli Anadoluya girməyə müvəffəq oldu və Sivas konqresi əsnasında Mustafa Kamal paşa ilə təmas edərək bu mücadilədə Azərbaycanın ona nə kimi bir yardımı ola biləcəyini hökumət adına ondan soruşdu. Böyük Atatürk ona belə cavab verdi: “Əsgəri yardıma indilik ehtiyac yoxdur, maliyyə yardımı müvafiq olur”. Bu cavabı alan Rəhim Vəkilli Bakıya qayıtdı.
Zaman çox dar, tale gücsüz idi. Fəqət hər şeyə rəğmən Azərbaycan hökuməti süqutundan bir neçə ay əvvəl xüsusi bir mürəxxəslə (gəncəli Məhəmmədəli vasitəsilə) Anadoluya bir milyon franklık bir yardım göndərildi və bu para o zamankı Ankara hökumətinə təslim edildi.
Millətçi Azərbaycan bunları və bu qədərini edə bildi. Nə yazıq ki kor qədər və tale bizə yar olmadı və Azərbaycan əski düşməni ruslar tərəfindən təkrar istila edildi. Xalidə Edip xanımın İstanbulun o məşum istila günlərində Sultan Əhməd meydanındakı nitqində müjdələdiyi Şərqdə yeni doğan türk günəşi yenə zülmətlərə büründü.
Azərbaycan istiqlal davası bütün mədəni dünyanı bu gün məşğul etməkdə olan Sovet Rusiya məsələsinin nihai çözülməsinə bağlıdır. Biz bu mücadilədə demokratiya cəbhəsinin müvəffəq və müzəffər olacağına inananlardanıq, müşahidə edilən bütün qərarsızlıqlara və sürükləmələrə rəğmən..
Biz bu gün dünyanın bu böhranlı dövründə də yenə milli məfkurəmizə sarılaraq və hər şeydən əvvəl öz milli qüvvət və birliyimizi əsas götürərək qurtuluş və hürriyyət davamızda böyük millətimizin milli varlığına və imanına güvənirik.