Ötən gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Forumunun 4-cü Baş Assambleyası öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, Forumun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev mərkəzin 2 il yarım ərzində fəaliyyəti ilə bağlı Baş Assambleyayahesabat təqdim edib.
Hesabatda Regional Mərkəzin Azərbaycan, Orta Asiya, İran, Pakistan, Əfqanıstan, Şərqi Avropa və Rusiya Federasiyasını əhatə edənçoxşaxəli fəaliyyətindən bəhs edilib. Mərkəzə2010-cu ildən ev sahibliyi edən Azərbaycan hökumətinin beynəlxalq səviyyədə gənclərin inkişafına verdiyi töhfələrdən danışılıb. Hesabat dinlənildikdən sonra Baş Assambleyanın üzvləri, müxtəlif ölkələri təmsil edən gənclər söz alaraq Avrasiya Regional Mərkəzinin fəaliyyətlərini təqdir ediblər və Azərbaycan hökumətinə Mərkəzin fəaliyyətlərinə lazımi dəstəyi verdiyi üçün təşəkkür ediblər. Bunu Azərbaycan dövlətinin həm milli, həm də beynəlxalq səviyyədə uğurlu gənclər siyasətinin və bu istiqamətdə gənclərin inkişafı üçün verdiyi töhfələrin bariz nümunəsi kimi adlandırıblar. Hesabat yekdilliklə qəbul edilib və Regional Mərkəzin bundan sonrakı fəaliyyətlərinə də tam dəstək ifadə edilib.
Baş Assambleyada çıxış edən Regional Mərkəzin İdarə heyətinin sədri Elçin Əsgərov İƏT Gənclər Forumunun 2004-cü ildə Azərbaycan hökumətinin dəstəyi ilə Bakıda təsis edildiyini qeyd edib. Bu müddət ərzində Azərbaycanın Forumu və onun fəaliyyətlərini daim dəstəklədiyini xatırladan Elçin ƏsgərovAzərbaycanın Foruma sədrliyi dövründə Forumun uğurlu gələcəyi üçün həyati addımların atıldığını qeyd edib. Bu baxımdan, Forumun keçmiş sədri Elşad İskəndərov başda olmaqla Forumda əməyi olan hər bir şəxsə təşəkkür ifadə olunub.
Xatırladaq ki, İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Forumunun 4-cü Baş Assambleyasının işinə 50-dən çox ölkəni təmsil edən nümayəndələr qatılıb. Sözügedən Assambleya işini davam etdirir.