Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhərinin Səbail rayonunda intihara cəhd edən 1 nəfər xilas olunub.
Həmçinin, Sumqayıt şəhərində dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.