Azərbaycanda 30-35 yaşdan sonra evlənmək istəyənlərin sayının artıb.
Bu barədə Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. O, bildirdi ki, ölkəmizdə 30-35 yaşdan sonra evlənmələrin sayında artım var. Ancaq evlilik üçün yaşın artması yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilən tendensiyadır.
Komitə rəsmisinin sözlərinə görə, evliliyin hansı yaşda, necə qurulması, hansı sosial-iqtisadi əsaslar üzərində qurulması ilə bağlı yanaşmalar müxtəlif olur: “İstər qızlar, istərsə də kişilər arasında ailə qurma yaşının artması - evliliyin 30-35, bəzən hətta bu yaşdan da yuxarı olması halları olur. Bu, bir neçə amillə bağlı ola bilər”.
A. Veysəlova qeyd etdi ki, bu müxtəlif amillərdən biri sosial-psixoloji məqamlarla bağlıdır. Müşahidələrin nəticəsindən də görünür ki, gənclər özlərini evliliyə hazır bilmirlər, iş sahəsində karyera qurduqdan sonra ailə qurmaq istəyirlər: “Digər tərəfdən, daha rahat həyat şəraiti qurduqdan sonra ailə qurmaq istəyənlərin sayı artır. Bu da 30-35 yaşdan sonra evlənmək istəyənlərin sayının artmasına təsir edir. Ancaq bu, bir az fərdi xarakter daşıyır. Bütün dünyada belədir ki, insanlar fikirləşirlər ki, özlərini evliliyə hazır hiss etdikdən sonra ailə həyatı qursunlar”.
Komitə rəsmisi: “Biz Komitə olaraq, ailələrin çox olmasının, xüsusilə, sağlam münasibətlər, əsaslar üzərində ailələrin qurulmasının tərəfdarıyıq”- deyə bildirdi.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-ci-ildə nikahların sayı 86.852 nəfər, boşananların sayı 11.730 nəfər, əhalinin hər 1000 nəfərinə nikahların sayı 9.3%, boşananların sayı 1.3% təşkil edir.
Qeyd edək ki, 2003-cü ildən nikahların, həm də boşanmaların sayında artım müşahidə olunurdusa, 2008 və 2009-cu illərdə bu göstəricilər əvvəlki ilə nisbətən bir qədər azalıb.
İLHAMƏ