28 Avqust 2021 13:03
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ballıqayada qətlə yetirilən insanlar Laçın rayonunun sakinləri idi. Onların çoxusu tanıdığım adamlar olub. Ballıqayada erməni terroruna məruz qalan insanların çoxusunun qohum-əqrabaları məlum hadisələrdən əvvəl Xocalıda məskunlaşmışdı. Ona görə də, biz o ailələri yaxşı tanıyırdıq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, ermənilər tərəfindən amansızcasına Ballıqayada şəhid edilən insanlar haqqında xeyli məlumatları var: “Erməni işğalı nəticəsində öz yurd-yuvalarından məcburi köçkün düşmüş günahsız insanlar Goranboy rayonunun Ballıqaya ərazisində məskunlaşmışdılar. Onlar heyvandarlıqla məşğul olan zəhmətkeş ailələr idi. Həmin vaxt da erməni quldurları, diversantları onlara hücum edərək uşaqlı, böyüklü hamısını amansızlıqla qətlə yetirib”.

Deputat xatırladıb ki, Ballıqayada erməni terrorçuları tərəfindən 24 dinc azərbaycanlı qətlə yetirilib: “Onlar günahsız, dinc insanlar idi. Körpə, uşaqlara belə aman verilməmişdi. Ona görə də, 93 yaşında ahıl qocanı amansızlıqla qətlə yetirən terrorçu erməni dəstələrinin qanlı əməllərini bütün dünya bilməlidir. Bu eyni zamanda növbəti erməni vəhşiliyi idi. Düşmənin Azərbaycan xalqının başına gətirdiyi ilk faciə deyildi. Xocalıda, Başlıbeldə, Ağdabanda olan qanlı qətliamlar Azərbaycan xalqının başına gətirilən müsibətlər heç vaxt unudulmayacaq”.

Elman Məmmədova görə, ermənilər son yüz ildə müsəlmanlara, türklərə qarşı törətdiyi qanlı soyqırımlardan, faciələrdən bir də Ballıqaya faciəsi olub: “Bu faciələri tanıtmaq, bütün dünyaya bəyan etmək, erməni vəhşiliyini, xislətini ifşa etmək üçün bir çox işlər görülməlidir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində erməni vəhşiliyinin qurbanı olan şəhidlərimizin qisasını döyüş meydanında aldı.

Bütün bunlara baxmayaraq xalq olaraq hər zaman ayıq-sayıq olmalıyıq. Güclü dövlət, güclü ordu prinsipi ilə düşmən üzərindəki xofu əbədi saxlamalıyıq”.

Qeyd edək ki, 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində ermənilər azərbaycanlılara qarşı daha bir amansız cinayət törədiblər. Erməni terroru nəticəsində 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Qətlə yerilənlər arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub. 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib. Ümumilikdə ermənilərin Ballıqayada öldürdüyü azərbaycanlıların əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər