Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Dövlət himni səsləndirildikdən sonra Əlahiddə Ümumqoşun Ordusunun zabiti Mirqiyas Rüstəmov bildirib ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi kimi qəbul edilən bayraq ilk dəfə 1990-cı il noyabr ayında Naxçıvanda ulu öndər Heydər Əliyev tərəfindən qaldırılıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli və Naxçıvan Müəllimlər İnstitutunun dosenti, şair, yazıçı-dramaturq Həsənəli Eyvazlı öz çıxışlarında qeyd ediblər ki, qədim zamanlardan günümüzədək müqəddəs ana torpağımız uğrunda vətənimizin mərd, igid, cəngavər övladları yaddelli düşmənlərə qarşı barışmaz mübarizə aparıblar. Bu igidlər döyüşlərə atılan zaman onların başları üzərində hər zaman Vətən bayrağı olub. Məhz bunun nəticəsidir ki, min illərdir bayraq xalqımız üçün milli şərəf və qürur rəmzinə çevrilib.
Sonra hərbi hissəsinin zabiti Vasif Aslanov çıxış edərək vurğulayıb ki, bayraq Vətənə sədaqətin simvoludur. Silahlı Qüvvələrə həqiqi hərbi xidmətə çağırılan hər bir vətəndaş hərbi and içərkən başının üzərində üç rəngli, ay-ulduzlu bayraq olur.
Sonda hərbi-vətənpərvərlik mövzusunda filmə baxış keçirilib.
Dövlət Bayrağı Günü münasibətilə C.Naxçıvanski adina hərbi liseyin bir qrup kursantı Bayraq Meydanını və Bayraq Muzeyini ziyarət ediblər.
Sonra bayram tədbiri liseyin klubunda təntənəli şəkildə qeyd edilib. Əvvəlcə müdafiə naziri general-polkovnik Zakir Həsənəvun təbrik məktubu şəxsi heyətə çatdırılıb. Bayram bədii hissə ilə davam edib.
Sonda Həmkarlar İttifaqı Konfederasiyasının məsul işçisi Xoşqədəm Bağırova təhsildə və müsabiqələrdə fərqlənən bir qrup kursantı fəxri fərman və mükafatla təltif edib.