Azərbaycanda qayğıya ehtiyacı olan həssas qrupun problemlərinin həlli hər zaman prioritetdir. Bu günə qədər şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb. Bu kateqoriyadan olan 10 minə yaxın insanın dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə, 7 mindən çox şəxsin isə avtomobillə təmin edilməsi bunu bir daha təsdiqləyir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, iki gün əvvəl Abşeron rayonunda istifadəyə verilən yeni yaşayış kompleksində isə mindən çox insan yaşayacaq: “Prezident Sərəncamı ilə İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin edildi. Həmçinin Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də mənzillərə sahib olacaqlar.
Dövlət başçımızın söylədiyi kimi, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Təsadüfi deyil ki, hər il bu məsələlər üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır. Eyni zamanda qazilərimizin sağlamlıqlarının bərpası istiqamətində addımlar atılır, onlar son nəsil ptotezlərlə təmin olunur. Dövlət bu sahədə bütün imkanlardan istifadə edir”.
Millət vəkili vurğulayıb ki, qlobal maliyyə böhranının, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, həssas kateqoriyanın rifahının yaxşılaşması istiqamətində reallaşan layihələr təxirə salınmır: “Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün minlərlə yeni ev tikilməkdədir. Ən vacib məqam budur ki, Azərbaycan bütün bu layihələri öz vəsaiti hesabına reallaşdırır”.
Könül Nurullayeva söyləyib ki, ölkəmiz hazırda azad edilmiş torpaqlarda öz gücü və vəsaiti hesabına bərpa işləri həyata keçirir: “Ali Baş Komandanın da söylədiyi kimi, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərəkdir ki, genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar, kadr potensialı, daxili resurslar olsun. Ölkəmizin bütün imkanları səfərbər edilib ki, erməni vəhşiliyinin fəsadları aradan qaldırılsın. Azərbaycan bu gün bölgəyə tam sahibdir və biz öz tarixi torpaqlarında möhkəmlənir.
Yeni mərhələdə əsas hədəf azad olunmuş əraziləri bərpa etmək, soydaşlarımızı qısa zamanda öz dədə-baba yurduna qayıtmasını və orada təhlükəsiz, rahat yaşamasını təmin etməkdir”.