31 Avqust 2021 12:50
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilirsiniz ki, yay aylarında Azərbaycanın dağlıq rayonlarında yanğınlar, xüsusən də meşə ərazilərində, biçilmiş və biçilməmiş taxıl sahələrində yanğınlar baş verir. Bu il isə keçən illərdən, keçən yay mövsümlərindən fərqli olaraq, demək olar ki, bir qədər çox yanğın baş verib. Biz indi Qəbələ rayonunun Abrıx kəndinin dağ hissəsində olan ərazilərə baxdıq, həm yerdən, həm helikopterdən müşahidə etdik. Doğrudan da, xarakterik olaraq, bu, təbii yanğınlara oxşayır, lakin yandırma faktları da yox deyil, var.

Teleqraf.com xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığında yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə baxış keçirdikdən sonra bildirib.

Nazir qeyd edib ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq:

“Bundan qabaq da araşdırıblar, belə faktlar müşahidə olunur. Ya ehtiyatsızlıq üzündən və ya qəsdən yandırma olur. Bunlar yəqin ki, araşdırılacaq. Amma məncə, heç kimin vicdanı, insafı qəbul eləməməlidir ki, Azərbaycanın bu gözəl təbiətində belə hadisələr törətsin. Bu, illərlə, yüz illərlə bizim ulu babalarımızın qoruyub saxladığı, bizə verdiyi nemətdir. Ona görə də bunları qorumaq lazımdır. Əhalinin özü də, orada olan çobanlar da, giləmeyvə yığan insanlar da, kənd camaatı da - təbiətdən istifadə edən hər kəs onu qorumalıdır, nəinki belə pis əməllərə əl atmalıdır. Kənd camaatı özü də bildirir ki, bir nəfər hər hansı əməl törədirsə, bu, bütün kəndin adınadır, kəndin camaatının adınadır. Ona görə də camaat özü yol verməməlidir ki, o kənddən olan kimsə belə addım atsın. İctimai qınaq lazımdır. İctimai qınaq olmadıqca, cəzasızlıq olduqca, belə halların sayı artır”.

K.Heydərov gündəlik olaraq ərazidən məlumatlar aldıqlarını qeyd edib:

“Mətbuatdan da bilirsiniz, bizim bu zonada 3 helikopterimiz işləyir. Yəqin ki, mövcud yanğınlar söndürüləcək. Amma bu, o demək deyil ki, arxayın olmalıyıq. Yay hələ ki isti keçir, bundan qabaq söylədiyim faktorlar hələlik var. Ona görə də həm ictimaiyyət, həm hüquq-mühafizə orqanları, eləcə də digər orqanlar, ekologiya işçiləri bununla ciddi məşğul olmalıdır. Çünki bu sərvət bütün Azərbaycan əhalisinindir. Qəbələ, Oğuz, Şəki, Balakən, digər dağlıq meşə ərazilərimiz Azərbaycanın bir növ oksigen mənbəyi, ağciyərləridir. Ona görə bunlara etinasız yanaşmanı məncə, heç bir vətəndaş qəbul etməməlidir. Hər kəs belə hallar barədə hüquq-mühafizə orqanlarına, digər nəzarətedici orqanlara xəbər verməlidir. Ola bilər hansısa vətəndaş belə bir hadisə törədir, yaxşı, bəs, o, ictimai qınağı necə qəbul edir? Onun uşaqları, ailəsi bunu qəbul edirmi? Ona görə bu məsələlərdə hamımız diqqətli olmalıyıq. Azərbaycanın təbii sərvətlərini qorumaq bütün azərbaycanlıların borcudur”.

Nazir bildirib ki, yanğınsöndürənlərin işi yanğın baş verəndən sonra onu söndürməkdir:

“Yanğın nəzarəti qurumları da müvafiq xəbərdarlıqlar göndərir. Amma hər halda ictimaiyyət, kənd əhalisi, o təbii sərvətlərdən istifadə edən vətəndaşlar buna xor baxmamalıdır, onu qorumalıdır, qoruyanlara dəstək olmalıdır, lazımı məlumatları aidiyyəti üzrə çatdırmalıdır. Ən azı ictimai qınaq olmalıdır. Bu əməli törədənlər kəndin içinə necə çıxırlar, ailələrinin üzünə necə baxırlar?! Bununla, böyük qəhrəmanlıq edirlər? Əksinə, dövlətə, millətə, təbiətə xəyanət edirlər. Ona görə gələcəkdə də bu məsələlərə çox ciddi baxmaq lazımdır. Bu qədər meşə sahəsi yüz illərlə əmələ gəlib. Onu 5 dəqiqənin içində yandırmaq... Mən bunu başqa cür adlandıra bilmərəm. Bu öz dövlətinə, millətinə, xalqına xəyanətdən başqa bir şey deyil. İllər boyu nəsillərimizin, babalarımızın, təbiətin yaratdığı sərvəti məhv etməyə başqa nə ad vermək olar?”

Fövqəladə hallar naziri bu məsələdə mətbuatın da üzərinə mühüm vəzifə düşdüyünü vurğulayıb: “Sağ olsun mətbuat orqanları, bunları işıqlandırır. Amma televiziyalarda, mətbuatda təbliğat işləri aparılmalıdır, insanlar maarifləndirilməlidir. Prezident İlham Əliyevin qurub-yaratdığı Fövqəladə Hallar Nazirliyinin bütün bu hadisələrə cavab vermək üçün gücü, qüvvəsi var. Amma olmazmı bu güc, qüvvə başqa yerdə sərf olunsun, istifadə edilsin? Belə çıxır ki, bunlar yandıracaqlar, sökəcəklər, FHN işçiləri də gedib onları bu bəladan xilas edəcək? Yox! Bu qüvvələr yaranıb ki, hər hansı təbii, texnogen hadisələr baş verəndə ona reaksiya versin. Yoxsa kiminsə hansısa səbəbdən meşəni yandırması nə dərəcədə düzdür? Bir daha təkrar edirəm, o, ailəsinin üzünə, cəmiyyət arasına necə çıxır? Cəmiyyət qınağı burada birinci yerdə olmalıdır. Bu qınağı isə ilk növbədə mətbuat orqanları formalaşdırır. Bunlar qəti yolverilməzdir. Xahiş edirəm ki, mətbu orqanlarında, televiziyalarda, saytlarda bu məsələ ilə bağlı ciddi iş aparılsın. Çünki təbiətin insana, insan orqanizminə verdiyi xeyir hamımız üçündür, təkcə o kənddə, o rayonda yaşayanlar üçün deyil. Ona görə də xahiş edirəm bu məsələyə ciddi yanaşılsın”.

K.Heydərov təbii fəlakətlərin dünyanın hər yerində yaşandığını diqqətə çatdırıb: “Dünyanın hər yerində meşələr yanır, sellər, daşqınlar olur. Bu, təbii fəlakətlərdir. Fövqəladə Hallar Nazirliyi yarananda Prezident, Ali Baş Komandan İlham Əliyev bizim qarşımızda mühüm vəzifələr qoyub. Biz ulu öndərimiz Heydər Əliyevin dediyi sözü həmişə əlimizdə bayraq edirik: “Bir hadisənin qarşısını əvvəldən almaq, hadisə baş verəndən sonra onu aradan qaldırmaqdan daha asandır”. Biz çalışırıq, bizim nəzarət orqanlarımız bunu edirlər, Prezidentin bizim nazirlik haqqında təsdiq etdiyi Nizamnamənin bütün müddəaları bundan ibarətdir.

Bu yaxınlarda Türkiyədə görünməmiş yanğınlar oldu. Azərbaycan Prezidentinin tapşırığı ilə bizim qurumlar da yanğınların söndürülməsində iştirak etdi və qardaş Türkiyə xalqına biz öz köməyimizi, dəstəyimizi göstərdik.

Bu cür yanğınlar dünyanın hər yerində baş verir. Rusiyada olan meşə yanğınları, minlərlə, yük minlərlə hektar meşələr yanır. Azərbaycanda da iqlim dəyişikliyindən irəli gələn problemlər mövcuddur. Qızmış kötüklərdən meşələrdə yanğın ola bilir. Bundan başqa, biçilmiş sahələri insanlar bəzən yandırırlar. Çox böyük səhv edirlər, həm ekologiyaya, həm də torpağa zərər vururlar. Yandırmamalıdırlar, şumlamalıdırlar, başqa aqrotexniki işlər görməlidirlər.

Yanğınların qarşısını almaq üçün yanğından mühafizə qurumları, bundan başqa, xüsusi riskli qurumlarımız, aviasiya dəstəmiz, təyyarə və helikopterlərimiz var. Bunlar hamısı bu cür hadisələrin qarşını almaq üçündür. Lakin insanlar öz evlərini, mülklərini necə qoruyursa, təbii sərvətləri də elə qorumalıdırlar, çünki təbii sərvətlər də onlarındır”.

K. Heydərov bu kimi hallarla mübarizə üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və onların qurumlarının olduğunu qeyd edib: “Bu qurumlar sözügedən məsələlərlə ciddi məşğul olurlar. Bununla bağlı dövlət proqramları var, yeni proqramlar da hazırlanır. Özü də bu proqramlar təkcə meşələrlə bağlı deyil. Bilirsiniz ki, ölkədə su çatışmazlığı da nəzərə çarpır. Helikopterlə müşahidə apararkən gördük ki, çaylarımızın səviyyəsi nə qədər düşüb. Bu, təbii haldır. Lakin biz su qıtlığına qarşı da proqramları həyata keçirilməyə başlamalıyıq. Yeni-yeni dövlət proqramları həyata keçirməliyik. Qış aylarında suların akkumulyasiya olunması, onların yaz və yay aylarında həm içməli, həm də suvarma üçün istifadəsi üçün çox iş görməliyik. Su probleminin aradan qaldırılması ilə də bağlı Prezidentin tapşırığı var. Hökumət və ayrı-ayrı nazirliklər, onların qurumları bu işlə məşğuldur. Bu proqramlar həyata keçdikcə, problemlər də aradan qalxacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər