Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan iclasın təxirə salınmasına səbəb Fərhad Mollazadənin vəkili Kamandar Nəsibovun koronavirusa yoluxması olub.
Növbəti prosesin sentyabrın 22-nə təyin olunub.
İttihama görə, Fərhad Mollazadə, Səlim Əlizadə və digərləri ilə əlbir olaraq çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər.
Bu mənimsəmə tenderlərdə süni şəkildə qalib olma yolu ilə həyata keçirilib.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edib.
İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınıb.