Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 62 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 7 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutkada 2-si azyaşlı olmaqla 12 nəfər, o cümlədən qeyri-çimərlik ərazidə batma təhlükəsi olan 1 nəfər xilas olunub. Həmçinin Gəncə şəhərinin Kəpəz rayonu, Hacıkənd qəsəbəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun ağacda asılı vəziyyətdə aşkarlanmış cəsədi götürülərək aidiyyəti üzrə təhvil verilib.
FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.