2 Sentyabr 2021 12:17
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib.

Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib.

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir: "İctimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə Aytən Niftəliyeva və körpə qızının ölümü ilə nəticələnən hadisə barədə yayılan məlumatla bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən öz səlahiyyətləri çərçivəsində birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu kimi hadisələrin cəmiyyəti sarsıdan, insanlara və ailələrə faciəvi təsirini önləmək üçün vətəndaşlardan məişət zorakılığı hallarının şahidi olduqda Komitəyə, o cümlədən 860 qaynar xəttinə müraciət etmələrini xahiş edirik.

Bir daha qeyd etmək istəyirik ki, qadınlara, uşaqlara, o cümlədən öz doğmalarına qarşı zorakılıq yolverilməzdir və biz hamılıqla belə halları şiddətlə qınamalı, həmçinin öz vətəndaşlıq borcumuzu yerinə yetirərək müvafiq dövlət orqanları və ictimai qurumlarla birgə bu bəlaya qarşı mübarizə aparmalıyıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər