Biləsuvar rayonun Xırmandalı kəndində anadan olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı, Dəniz Akademiyasının müəllimi Emin Sədirov ABŞ-ın “Texas A&M” Universitetində “Fellowship” təqaüdü qazanıb. O, dünyada buna nail olan 32 nəfərdən biri və ilk azərbaycanlı dənizçidir.
Emin Sədirov Teleqraf.com-a açıqlamasında qazandığı uğurdan danışıb.
Doğulduğu kəndin orta məktəbini bitirən Emin Sədirov 2014-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının bakalavr pilləsinə qəbul olub: “2017-ci ildə magistratura pilləsini dövlət sifarişi ilə əyani əsaslarla bitirmişəm. 2016-ci ildən indiyə qədər Azərbaycan Dövlət Dəniz Akademiyasında müxtəlif vəzifələrdə işləmişəm. Hazırda Dəniz Akademiyasında “Gəmiqayırma və gəmi təmiri” kafedrasında müəllim kimi çalışıram”.
Dənizçi deyir ki, təhsilinin növbəti mərhələsidə xaricdə təhsil almağı qarşısına məqsəd qoyub: “Bir neçə Avropa universitetləri bu təhsil pilləsini mənə təklif etsə də, özüm Amerikada təhsil almağa can atırdım. GRE imtahanı koronavirus səbəbindən ləğv olunsa da, onu əvəz edən imtahanlarda onlayn formatda iştirak etdim. Bildiyimiz kimi, GRE imtahanı ABŞ və digər ingilis dilində təhsil verən ölkələrin universitetlərində mühəndislik və sosial elmlər başda olmaqla bir çox ixtisaslarda magistratura və doktorantura təhsili almaq üçün lazım olan bir imtahandır. Düşünürdüm ki, imtahan nəticəm kiçik bir səhv ucbatından ləğv oluna bilər, çünki imtahan götürənlər erməni əsilli Amerika vətəndaşı və eləcə də univeristetin qəbul komissiyası idi. Yekunda bilik və təcrübə öz sözün dedi. Hazırda ABŞ-ın Texas ştatında “Texas A&M” Unversitetinin “Fellowship” təqaüdünü əldə etmiş doktorantam. Bu hüquqa dünyada yalnız 32 nəfər sahibdir. Azərbaycanda bu proqrama ABŞ-da qəbul olan ilk dənizçiyəm. Okean mühəndisliyi üzrə fəlsəfə doktoru dərəcəsi əldə etmək üçün təhsilimi “Texas A&M” Unversitetində davam etdirəcəm. Bu ali təhsil müəssisəsinin 3400-dən çox məzunu olub”.
Müsahibimizin sözlərinə görə, “Fellowship” təqaüdü unveristet tərəfindən müəyyən olunur: “Bu təqaüd yüksək göstəriciləri olan beynəlxalq və yerli tələbələr üçün nəzərdə tutulur. Təqaüdə tələbənin sığorta və yataqxana xərcləri, eləcə də təhsil haqqının müəyyən hissəsi daxildir. Qəbul olan tələbələrin əksəriyyəti Hindistan və Çin vətəndaşlarıdır. Bunu unverisitetin əməkdaşı tərəfindən göndərilən siyahıdan da görmək olar.
Koronavirus səbəbindən universitet digər təhsil pillələri və eləcə də magistratura üçün onlayn, ənənəvi, doktorantura üçün isə ixtisasdan asılı olaraq ənənəvi təhsil təklif edilir. İxtisasım mühəndislik oluduğu üçün təhsil ənənəvi formada tədris olunacaq”.
Emin Sədirov sonda tələbələrə tövsiyə də verib: “Uğur qazanmaq istəyən tələbələr heç zaman “vaxtım yoxdur”, “səbrim çatmır” deməsin. Universitet müəllimiyəm, sıx cədvəlim var, amma vaxt tapdım. 2 il səbr etmişəm, yekunda hədəfimə çatdım. Hər kəsə uğur arzulayıram”.