Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə yeni növ koronavirus infeksiyasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Şəhərdə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri aparılır. Bu gün də səhər saatlarından başlayaraq genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib.
Teleqraf.com-un məlumatına görə, Gəncə şəhər Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş əməkdaşları texniki vasitələrlə mərkəzi küçə və prospektlərlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrində xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparıblar. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə xəbərdarlıq ediliblər.
Eyni zamanda, MKTİB-nin əməkdaşları təsdiq olunmuş qrafikə uyğun olaraq yaşayış binalarında, lift kabinalarında, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, dayanacaqlarda, o cümlədən park xiyabanlarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Bununla yanaşı, şəhərin müxətlif ərazilərində MKTİB-nin təmizlik şöbəsinin və Mənzil İstismar Sahələrinin əməkdaşları tərəfindən iməcilik işləri təşkil olunub.
Qeyd edək ki, şəhər sakinlərinin sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə görülən işlər davamlı olaraq həyata keçirləcəkdir.