6 Sentyabr 2021 14:57
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Rasim Quliyevin vəkili Ədalət Mövlanov vəsatətlə çıxış edib.

Vəkil Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən binanın sakinləri - Şeyx Əbdül Mahmudov və digərlərinin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Hakim hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra təqsirləndirilən Rasim Quliyev dövlət ittihamçısı Eldar Həmzəyevin suallarını cavablandırıb.

O bildirib ki, Rauf Pənahov həmin vaxt xəstə idi, işində ləngimələr vardı: "O, rəhmətə gedəndən sonra Hacıbala Abutalıbov mənə 3 nəfər idarə rəisinin müavinliyə təqdimatını hazırlamağı tapşırdı. Həmin üç nəfərin içərisində mənim adım yox idi. Mən təqdimat üçün onlardan ərizə almalı idim. Amma ala bilmədim. Ona görə ki, həmin şəxslər ərizə yazmaq savadında deyildi. Mən bu barədə Hacıbala Abutalıbova məlumat verdim".

Rasim Quliyev qeyd edib ki, bundan sonra Hacıbala Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etməyi ona həvalə edib: "Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısının blankında sərəncam imzaladı. Mən həmin sərəncamı araşdırdım və gördüm ki, sərəncam düzgün tərtib olunmayıb. Mən Rauf Pənahovdan sonra onun rəhbərlik etdiyi Dini qurumlarla iş üzrə komissiyaya və Fövqəladə Hallar komissiyasına rəhbərlik etmişəm. Bu vəzifələri isə maaşla deyil, ictimai əsaslarla həyata keçirmişəm.

Mən müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəndən sonra Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildi. Buna baxmayaraq o, həm də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə nəzarət edirdi".

Təqsirləndirlilən şəxs deyib ki, sonradan bəzi səlahiyyətlərin ona tapşırılması ilə bağlı 1 saylı İqtisadi İnzibat Məhkəməsinə məktub daxil olub: "Məktubda göstərilib ki, Rauf Pənahov rəhmətə getdiyi üçün tikintiyə nəzarət işləri və icazə rəhbərliklə razılaşdırılmaqla Bakı şəhər İcra Hakimiyyətinin Aparat Rəhbəri Rasim Quliyevə həvalə edilsin. Yəni mən özbaşına heç bir sənədə imza ata və icazə verə bilməzdim. Bütün sənədləri rəhbərliklə razılaşdırmalı idim.

Həmin vaxt ərizə yazıb işdən də çıxa bilmirdim. Çünki başçı və müavin postu boş idi. Eldar Əzizov birinci müavin təyin olunandan sonra ərizəmi yazıb işdən azad olundum. Mən öz ərizəmlə aparat rəhbəri vəzifəsindən azad olunmuşam, müavin vəzifəsindən yox. Belə çıxır ki, mən hələ də müavin vəzifəsində işləyirəm? Bu vaxta qədər o qurumdan müavin maaşı almamışam. Mənim müavin səlahiyyətlərini icra etməyimi Ramiz Mehdiyev də, digər aidiyyəti şəxslər də bilirdi. Həmçinin mənim icra başçısı səlahiyyətlərini icra etməyim barədə nə sərəncam olub, nə də başqa bir sənəd".

Rasim Quliyev bildirib ki, tikintiyə sərəncamı və digər sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Arxitektura Baş İdarəsi hazırlayırdı: "Mən sadəcə razılaşdırılmış halda sərəncama qol çəkmişəm. Başçı əvəzi kimi gələn məktublara, sənədlərə mən baxmışam. Bu isə əsasnaməyə uyğun idi. Mən sərəncamı ekstremal şəraitdə imzalamışam, çünki həmin vaxt başçı vəzifəyə təyin olunmamışdı, müavin isə vəfat etmişdi".

Təqsirləndirilən şəxs bildirib ki, o, sərəncam imzalamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dilarə Əliyeva 141 və 145 ünvanlarındakı binaların sökülməsi barədə sərəncam verib: "Sərəncamda göstərilib ki, həmin ünvanlarda söküntü-abadlaşdırma işləri aparılsın. Bu sərəncam məndən qabaq imzalanıb. Sərəncamda göstərilib ki, həmin ərazilər firmanın şəxsi vəsaiti hesabına sökülüb abadlaşdırılsən. Amma bu gün Dilarə Əliyeva 141 ünvanındakı binalar sökülməyib. Müqavilədə göstərilib ki, ərazidə abadlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb".

Proses sentyabrın 9 da davam etdiriləcək.

İttihama görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının,habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılıb.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər