Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas Xeyrulla Əliyev vəfat edib.
Teleqraf.com xəbər verir ki, Xeyrulla Salman oğlu Əliyev 1991-ci il noyabrın 26-da Azərbyacan Ali Sovetinin nəzdində yaradılan Milli Şuranın 50 üzvündən biri olub.
Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən Xeyrulla Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.
1970-ci ildə "Müasir Azərbaycan romanında ənənə və novatorluq problemi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
2003-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi idi.
Bədii yaradıcılığa jurnalistlik fəaliyyətinin ilk illərindən başlayıb. Hekayələri, tərcümələri, oçerkləri, ədəbi-tənqidi və publisist məqalələri, teatr və kino rəyləri, eləcə də tərcümələri dövri mətbuatda müntəzəm çap edilib.
20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirib.
Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan Alabaş", "Gün var əsrə bərabər", Nodar Dumbadzenin "Ağ bayraqlar" əsərlərini tərcümə edib.