12 Sentyabr 2021 12:13
2 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payızda fiziki fəaliyyətimiz zəifləsə də, havaların soyuması ilə infeksiya riskimiz artır. Davam edən COVID-19 faktorunu, məktəblərin açılmasını, iş yükünün artmasını düşünərək immun sistemini güclü saxlamalıyıq.

Teleqraf.com həm mövsümi dəyişikliyini, həm də pandemiyanı nəzərə alaraq diyetoloqların bədən müqavimətini artırmaqla bağlı verdiyi tövsiyələri təqdim edir.

İmmuniteti gücləndirən amil qidalanma anlayışı ilə başlayır. İlk növbədə şəkər və şəkər əlavə olunan qidalardan - içkilərdən, xəmirlərdən, qızardılmış yeməklərdən, hazır qidalardan və qatı yağda hazırlanan yeməklərdən uzaq durmaq lazımdır.

Növbəti 4 qayda

Süd və süd məhsulları, ət, meyvə-tərəvəz və dənli bitkilərlə qidalanmağa üstünlük verin. Bütün tərəvəz və meyvələr, xüsusilə soğan, sarımsaq, xaçlı tərəvəzlər, turp, brokoli, nar, portağal və avokado qidalanma proqramına daxil edilməlidir.

Həkim və diyetoloqların tövsiyəsi ilə qatıq, kefir, turşu və sirkə kimi fermentləşdirilmiş məhsullardan və əlavələrdən də faydalanmaq olar.

Çörək istifadə edin, amma...

Karbohidratlar kimi sadə şəkərə (süfrə şəkəri və şəkərlə hazırlanan qidalar) ehtiyacımız olmadığı üçün bu istehlak tərzi immun sistemimizi zəiflədir.

Buna görə də buğda çörəyi, qarabaşaq yarması, yulaf, bulqur kimi kompleks karbohidratlara (təmizlənməmiş, qabıqlı taxıl) üstünlük verilməlidir. İmmunitet sistemi tərəfindən ifraz olunan antikorlar bir protein quruluşuna malikdir.

Protein qəbulu lazımi səviyyədə saxlanmalı və laqeydlik edilməməlidir. Qırmızı ət, toyuq, hinduşka, balıq, yumurta, süd və süd məhsulları, paxlalılar protein ehtiva edən qidalardır. Bundan əlavə, bu qrupdakı sink mineralı bədən müqavimətimizi artırmağa kömək edir.

Balığı unutmayın!

Omeqa-3 yağ turşuları da immunitet sistemimizi gücləndirməkdə əhəmiyyətli rol oynayır. Başda balıq olmaqla pərpətöyün və qozun tərkibində də Omega-3 var. Balıq istehlakı həftədə 3 porsiyada kabab və ya duxovkada bişmiş olmalıdır.

Qoz, fındıq, badam...

Zərdəçalın (sarıkök) immunitet sisteminə müsbət təsir göstərdiyi məlumdur. Ədviyyat olaraq da qara bibərlə birlikdə şorbalarda istifadə edilə bilər. Yağlı bitkilərdən - qoz, fındıq və badamdan alınan E vitamini, bitki mənşəli yağ turşuları və müxtəlif tərkibli minerallar immun sistemini dəstəkləmək baxımından son dərəcə faydalıdır.

Yağ növü olaraq zeytun, Hindistan qozu, çörəkotu və avokado yağlarını güclü antioksidanlar saya bilərik.

Bol su için

Bədən müqavimətini artıracaq bitki çaylarına üstünlük verin. Məsələn, yaşıl çayla adaçayına 1 çay qaşığı təbii balı qarışdıraraq gündə 2 stəkan içmək olar. Cökə, rəzənə, zəncəfil və itburnu çayları da tövsiyə olunan çaylar arasındadır.

Bədəndəki D vitamini səviyyəsini artırmaq üçün ən əsas tövsiyə günəşdən faydalanmaqdır. Lazım gələrsə, bir həkim tövsiyəsi ilə əlavələr istifadə edilməlidir. Bol su istehlakı da bədəndəki toksinlərdən xilas olmaq və maddələr mübadiləsini canlandırmaq üçün ən əsas elementlərdən biridir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər