10 Noyabr 2014 13:37
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə keçirilən Elm Festivalı böyük əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycanda ilk dəfə keçirilən “Bakı Elm Festivalı-2014”-ün açılış mərasimində Azərbycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

AMEA-nın prezidenti bildirib ki, festivalın noyabrın 10-u Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününü təsadüf etməsi də əlamətdar haldır: “Festival Ümumdünya Elm Gününə təsadüf edir. Bu, xoş bir təsadüfdür. İnanıram ki, festival uğurlu olacaq və hər kəs üçün şən keçəcək”.

Azərbaycanda elm sahəsində əldə edilən uğurlardan danışan A.Əlizadə qeyd edib ki, bu yaxınlarda Ukrayna alimlərinin Azərbaycan alimlərini Antraktitada birgə tədqiqata dəvət etməsi Azərbaycan elminin uğurlarından xəbər verir.

AMEA-nın prezidenti müasir dövrdə elmin inkişafı üçün mütləq maddi dəstəyə ehtiyacı olduğunu deyib. O, bu məqsədlə nazirliklərə, iş adamlarına müraciət edərək Azərbaycanda elm sahəsinə himayədarlıq edilməsini xahiş edib.

A.Əlizadə həmçinin ölkədə gənc alimlərinin sosial problemlərinin həlli istiqamətində də əsaslı işlər görüləcəyini əlavə edib.

Qeyd edək ki, bu gün “Bakı Elm Festivalı-2014” öz işinə başlayıb. Azərbaycanda ilk dəfə təşkil olunan Elm Festivalı iki gün davam edəcək. Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Məqsəd elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri nümayiş etdirmək, gənc nəslin bu sahəyə marağını artırmaqdır.

Tədbirdə qeyd edilib ki, elm festivalı nəinki Azərbaycanda, Qafqaz regionunda ilk dəfədir təşkil olunur. Festival hər il eyni tarixdə keçiriləcək və gənclərə əlavə stimul verərək, onların elmə cəlb edilməsinə dəstək olacaq. Tədbirin keçirilməsində də məqsəd gəncləri elmə cəlb etmək və elmi insanlara daha populyar formada çatdırmaqdır.

Festivalda ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr, əyləncəli elmi şouları və muzeylərə ekskursiyalar nəzərdə tutulur. Hələlik festival beynəlxalq deyil, respublika çərçivəsində keçirilir. Festival və konsert proqramları paytaxtın müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azəryabcan Tibb Universiteti və başqa universitetlərdə 23 elmi-populyar mühazirələr təşkil ediləcək.

Festivalın proqramlarını paytaxtın 6, 23 və 132-134 saylı orta məktəblərində də izləmək mümkündür. Festival çərçivəsində akademiyanın muzeylərinə ekskursiyalar təşkil ediləcək.

Ümumilikdə festivalda ölkənin 20 ali və 43 orta məktəbi də iştirak edir.


Müəllif:

Oxşar xəbərlər