Azərbaycanın Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevin faciəli şəkildə həlak olması ilə bağlı həmin nazirliyin kollektivinə başsağlığı məktubu göndərib.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, məktubda rusiyalı nazirin hər zaman ölkəsinin təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini xatırladan Kəmaləddin Heydərov onun insan həyatını xilas edərkən qəhrəmancasına həlak olduğunu qeyd edib.
İstedadlı rəhbər, dövlət xadimi və hörmətli həmkar olaraq Yevgeni Ziniçevin həlak olması xəbərinin kədərlə qarşılandığını bildirən nazir Rusiya FHN-in kollektivinə dərin hüznlə başsağlığı verib.