Mərkəzi Gömrük Hospitalında Philips şirkətinin MDB ölkələri üzrə regional direktoru Artyom Padeyskiy, şirkətin Azərbaycan və Gürcüstan üzrə regional direktoru Nigar Zeynalova ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini Dr.Bəxtiyar Musayev və Alqı-satqı və təchizat şöbəsinin rəisi Rəşad Fərəcov iştirak ediblər.
Teleqraf.com-un məlumatına görə, görüşdə Philips şirkətinin nümayəndələri şirkətin tətbiq etdiyi innovativ texnologiyalar və istehsal etdiyi yeni avadanlıqlar, o cümlədən yeni növ angioqraf, KT, MRT və ultrasəs aparatları barədə ətraflı məlumat veriblər. Onlar, həmçinin şirkətin MDB ölkələrində və Azərbaycanda gələcək planları və perspektivləri barədə fikirlərini bölüşüblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov görüş zamanı bildirib ki, Mərkəzi Gömrük Hospitalı hazırda ən yüksək texnoloji müalicə metodlarından istifadə etməklə ağır koronavirus xəstələrinə xidmət edir. C.Məmmədov vurğulayıb ki, Hospital yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün zəruri olan hər cür müasir avadanlığa malikdir. Hospitalın mövcud cihaz və aparatlar parkı daim yenilənir və tibbi heyət tərəfindən mənimsənilir.
Görüşdə Philips şirkətinin təmsilçisi Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Gömrük Hospitalında yeni istifadəyə veriləcək “Philips Incisive CT pro 128” Kompüter Tomoqrafiya (KT) aparatının imkanları barədə ətraflı məlumat verib. Görüşün sonunda Hospitalda yeni KT aparatından istifadəni daha dəqiq mənimsəmək üçün Philips şirkəti tərəfindən Hospitalın həkim-radioloq və texnikləri üçün əyani və onlayn treninqlərin keçirilməsi barədə razılaşma əldə olunub.