Bu gün Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək “Qarabağ” – “Basel” qarşılaşması səbəbindən “Bakı Metropoliteni”nin “Koroğlu” stansiyası gücləndirlmiş iş rejimində çalışacaq.
Bunu Teleqraf.com-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, gücləndirlmiş iş rejimi qurumun xüsusi əməliyyat planına əsasən tətbiq ediləcək:
“Bakı Metropoliteni”nin hər bir stansiya ilə bağlı xüsusi əməliyyat planı mövcuddur. BOS-da keçirilən tədbirlər zamanı da “Koroğlu” stansiyası üçün nəzərdə tutulmuş plan tətbiq ediləcək. Sərnişinlərin və qonaqların metrodan rahat istifadəsini təmin etmək məqsədi ilə ehtiyat qatarların da xəttə buraxılmasını nəzərdə tuturuq. Xüsusi zərurət olarsa “Koroğlu” stansiyasının iş rejimi 15 dəqiqə artırıla bilər. Əvvəlki təcrübələrimizi nəzərə alaraq deyə bilərəm ki, bu müddət bizə sərnişin axınını idarə etməyə kifayət edər”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.