Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni tədris dövrünün başlanması ilə bağlı tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin professor-müəllim heyəti çıxış edərək Azərbaycan Ordusunun qazandığı nailiyyətlərin davam etdirilməsi məqsədilə qarşıya qoyulan tələb və tapşırıqları bundan sonra da böyük həvəs və inamla yerinə yetirəcəklərini bildirib.
Onlar Ordumuzun daha da inkişafı naminə müasir tələblərə cavab verəcək peşəkar zabit heyətinin hazırlanmasında, formalaşmasında səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Kursantlar öz növbəsində qeyd ediblər ki, təhsil aldıqları müddətdə müəllim-professor heyəti tərəfindən tədris olunan fənləri dərindən mənimsəyəcək, nəzəri biliklərini və praktiki bacarıqlarını məşğələlərdə daha da təkmilləşdirəcəklər.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.