Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında hadisə yerinə Nazirliyin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.
Yolların çətin keçilməsi və hərəkət imkanının məhdud olmasına baxmayaraq, həyata keçirilmiş xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar və avtonəqliyyat vasitəsi ərazidən təxliyə olunaraq təhlükəsiz əraziyə çıxarılıb.