Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə həftə sonları – şənbə və bazar günləri şəhərlərarası, rayonlararası və şəhərdaxili, rayondaxili sərnişindaşımaya qadağaların qoyulmasına baxmayaraq, bəzi şəxslərin fəaliyyət göstərməsinə qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası və rayonlararası qanunsuz sərnişindaşımaların həyata keçirilməsinə qarşı monitorinq keçirilib.
Monitorinq zamanı paytaxt Bakıya, eləcə də respublikanın digər şəhər və rayonlarına tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və sair) riayət edilmədən sərnişin daşımaları aşkarlanıb. Polis əməkdaşları vətəndaşlar ilə bir daha profilaktik söhbətlər apararaq onlara mövcud qanunların tələblərini izah edib. Aşkar edilən faktlar üzrə 16 nəfər şəxs barəsində inzibati protokol tərtib edilib.