20 Sentyabr 17:48

"Pfizer" peyvəndinin birinci dozasını Bakıdakı tibb müəssisəsində vurduran şəxs ikinci dozanı fərqli məntəqələrdə vurdura bilməyib.

İkinci doza üçün Mərkəzi Klinikaya müraciət edən şəxsi vaksinin birinci dozasının vurulduğu mərkəzə yönləndiriblər. Mərkəzdən bildirilib ki, əgər vətəndaş "Pfizer" vaksininin birinci dozasını ətraf rayonlarda vurdurubsa, ikinci doza üçün Bakıda istənilən klinikaya yaxınlaşa bilər. Lakin vətəndaş birinci dozanı paytaxtdakı hansısa vaksinasiya məntəqələrində vurdurubsa, ikinci doza üçün də həmin ünvana getməlidir.

Səhiyyə Nazirliyi bildirir ki, vətəndaş "Pfizer" peyvəndinin ikinci dozasını da digər vaksinlər kimi, həmin vaksinin olduğu istənilən məntəqəyə yaxınlaşıb vurdura bilər.

Göründüyü kimi, adıçəkilən vaksininin dozalarını müxtəlif məntəqələrdə vurdurmaq olarmı-olmazmı sualına Səhiyyə Nazirliyi ilə klinika fərqli cavab verib. Nazirliklə klinikalar arasında qurulan koordinasiyasız işin əziyyətini də vətəndaşlar çəkir.

Həkim-terapevt Rasif Bağırov Teleqraf.com-a yaranan problemin əsasını şərh edib.

O bildirib ki, problem "Pfizer" peyvəndinin saxlanmasından qaynaqlanır: “Adıçəkilən vaksin mənfi 70 dərəcə temperatur yarada bilən xüsusi soyuducularda saxlanılır.

Peyvənd vurmazdan öncə soyuducudan çıxarılıb istifadəyə hazır vəziyyətə gətirilir. Vaksin müəyyən səviyyəyə qədər qızmalıdır ki, istifadə oluna bilsin. Hər bir klinika gün ərzində orta hesabla nə qədər insana vaksin vuracaqsa, mərkəzi soyuducudan həmin miqdarda peyvənd xəstəxanalara göndərilir.

Nəzərə almaq lazımdır ki, hər bir klinikanın özündə xüsusi soyuducular yoxdur. Peyvənd mərkəzi soyuduculardan xəstəxanalara müəyyən miqdarda göndərildiyinə görə kənardan olan insanlar ikinci doza üçün xəstəxanaya müraciət edəndə vaksini çatdıra bilmirlər. Bunun üçün gərək ayrıca sifariş edilə. Problem bu nöqteyi-nəzərdən yarana bilər. Xüsusi soyuducular olsa, hər bir klinika ikinci dozanı vura bilər, nəticədə ikinci vaksinin qəbulunda belə bir problem ortaya çıxmaz”.


Müəllif: Yeganə Oqtayqızı