“Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Virtual Hüquqi Klinika” adlı layihəsi başa çatmışdır.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının virtual ortamda peşəkar hüquqşünaslar tərəfindən pulsuz hüquqi yardım almalarına şərait yaradılmasından ibarət idi.
Vəkillər Kollegiyası Rəyasət heyətinin üzvü, ictimai birliyin sədri Anar Bağırov layihə ilə bağlı Publika.az-a bunları bildirib:
“Belə bir layihə ilə vətəndaşlarımıza, xüsusilə də aztəminatlı insanlara heç bir təmənna olmadan hüquqi yardım göstərilməsi, bir insan və hüquqşünas kimi məni çox sevindirir. Bu layihəmizin reallaşmasına dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığımızı bildiririk. Qısaca qeyd etməliyəm ki, layihə ərzində ümümilikdə, vətəndaşlar tərəfindən göndərilmiş 207 sual peşəkar hüquqşünaslar tərəfindən virtual ortamda aydın və dolğun şəkildə cavablandırılıb. Sevindirici haldır ki, təxmin olunduğu kimi, suallar təkcə paytaxt Bakıdan yox, ölkəmizin bir çox regionlarında, hətta xarici ölkələrdə yaşayan (Türkiyə və Rusiya) vətəndaşlarımız tərəfindən də göndərilmişdir.”
Anar Bağırov eyni zamanda bildirib ki, layihə çərçivəsində əvvəlcədən nəzərdə tutulmasa da 50-ə yaxın vətəndaşa telefon vasitəsilə hüquqi məsləhət verilib. Əsasən, bölgələrdən zəng vuran vətəndaşlar, layihədən xəbərdar olsalar da internetə çıxışları olmadığı üçün, ya da internetdən istifadə etmə bacarıqları olmadığı üçün zəng etməli olublar. Bu vətəndaşların əksəriyyəti yaşlı insanlar olublar.