Bakı metrosunda istismar müddəti başa çatdığı üçün xətdən çıxarılan 20 vaqon utilizasiya edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, istismar müddəti başa çatan metro qatarlarının utilizasiyası mərhələli həyata keçirilir: "Bakı metropolitenində istismar müddəti başa çatan qatarlar dərhal xətdən çıxarılır və əvəzinə yeni qatarlar xəttə buraxılır. Xətdən çıxarılan qatarlar barədə müvafiq sənədləşmə işləri aparılır və utilizasiya prosesinə başlanılır. Sonra vaqona baxış keçirilir. Bir vaqonun istifadə müddəti 31 ildir. Əgər vaqonun pnevmatik, elektrik və mexaniki hissələrinin istismar müddəti başa çatmayıbsa, həmin avadanlıqlar sökülərək ehtiyat bazada saxlanılır. Bundan sonra vaqon kəsilib doğranılır və metal qırıntısı kimi satılır".
B.Məmmədov bildirib ki, artıq ötən il xətdən çıxarılan 20 vaqon doğranaraq metal qırıntısı kimi satılıb: "Ötən il xətdən çıxarılan 20 vaqon bu il utilizasiya olunub. Bu il xətdən çıxarılan daha 19 vaqonun utilizasiyası ilə bağlı sənədləşmə prosesinə başlanılıb. Sənədləşmə başa çatandan sonra vaqonlar utilizasiya ediləcək".