"Təəssüf ki, hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var. Həmin müəllimlər də təbii ki, tədrisə cəlb olunmur".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
İdarənin müdiri bildirib ki, bu məsələyə məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər.
O xatırladıb ki, müəllimlərin tədrisə cəlb olunması üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya immunitet, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır: "Əgər bir təhsil muəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin məktəbdə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub".
Mehriban Vəliyeva valideynlərin paytaxt məktəblərinin həyətlərinə belə buraxılmaması məsələsinə də münasibət bildirib.
O qeyd edib ki, valideynlər təhsilin bir parçasıdır: "Valideynlər də bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbin daxilinə isə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin".