23 Sentyabr 2021 12:07
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

1956-cı ildə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, publisist Mirzəbala Məhəmmədzadə mühacirətdə çap olunan “Azərbaycan” jurnalında Cəlil Məhəmmədquluzadənin yaradıcılığı ilə bağlı məqalə yazıb. “Molla Nəsrəddin” jurnalının 50 illiyi münasibətilə qələmə alınan bu məqalədə Sovet Azərbaycanında dərginin mahiyyətinin təhrif olunduğu, eləcə də bolşeviklərin Mirzə Cəlili aldatmaları, onu Təbrizdən gətirdərək bir küncə atmalarından bəhs edilib.

Maraqlı məlumatların yer aldığı məqaləni müasir dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***

Mirzəbala Məhəmmədzadə

“Molla Nəsrəddin” əlli il əvvəl intişar etmişdi

1905-1906-cı il Birinci Rusiya ixtilalının əllinci ildönümü üzərində dayanmaqda davam edən Sovet Azərbaycanının elmi, ədəbi və ictimai müəssisələri ilə mətbuatı 1906-da intişara başlayıb. Sovet hakimiyyəti dövründə qapanan “Molla Nəsrəddin” dərgisinin hər cür istibdad və keyfi idarəçiliyə qarşı çıxan gerçək milliyyətçi, demokrat və hürriyyətçi nəşriyyatını da istismara qalxışdı. Şair Cəfər Xəndan ona bir əsər həsr etdi. Bakıdakı Nizami muzeyində bu münasibətlə bir sərgi tərtib edildi və Sovet İttifaqı Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu da xüsusi bir toplantı keçirərək Birinci Rusiya ixtilalının Şərq məmləkətlərinə yayılmasında “Molla Nəsrəddin” jurnalının rolunu göstərməyə çalışdı.

Sovet mətbuatı “mübariz jurnal”a ayırdıqları xüsusi məqalələrində həmişə bu bucaqdan hərəkət etdilər. Yəni Bolşevik partiyasının rəhbərliyi altında başladığını iddia etdikləri 1905-ci il ixtilalının prinsiplərini müsəlman şərqinə yaymaq baxımından hərəkət edərək “Molla Nəsrəddin” dərgisinin milli əhəmiyyətindən və müstəqil milli kimliyindən daha çox rus nüfusunun yayılmasına vasitə olduğunu isbata çalışdılar.

Halbuki 1906-cı ilin aprelində intişara başlayan “Molla Nəsrəddin” Qərbi Avropa mədəniyyətindən ilham alan Mirzə Fətəli Axundzadənin hər hansı istibdadı rədd edən liberal-demokratik fikirlərinə və Mirzə Fətəli məktəbinin milli ənənəsinə sadiq qalaraq Türkiyədə və İranda başlayan Məşrutiyyət hərəkatlarını dəstəklədiyi və bilxassə mərkəzi Təbriz olan İrandakı hürriyyət hərəkatının ideologiyasını işlədiyi zaman Rusiyada Stolıpinin şəxsində qanlı istibdad yenidən təsis edilirdi. Birinci Rusiya ixtilalının təmin etdiyi yarımçıq hürriyyət 1907-ci ildən etibarən artıq aradan götürülmüş sayılırdı. Hərbi müdaxiləsi ilə İrandakı istibdad və irtica qüvvətlərini dəstəkləyən Rusiya Təbrizdə hürriyyət fədailərini dar ağacından asdırır və müzəffər olmuş hürriyyətin timsalı olan Tehrandakı Millət Məclisini topa tuturdu. Bir imperatorluq halına gəldiyi gündən etibarən hürriyyət və mədəniyyət nurunun Qərbi Avropadan Şərqə çatmasına qarşı bir səddi-Çin halına gələn Rusiya müsəlman şərqini əsarət altına almaqdan başqa bir şey düşünməmişdi.

“Molla Nəsrəddin” bu kimi şərtlər daxilində istibdad, istila və irtica qaynağı olan Rusiyaya qarşı mücadilə aparmaqda idi. Diqqət çəkən nöqtə budur ki, Bakıdakı Nizami muzeyində tərtib edilən “Molla Nəsrəddin” sərgisində mövcud 25 bölüm arasında bu qəhrəman dərginin Çar Rusiyasının bugünkündən fərqli olmayan ruslaşdırma siyasətinə və ortodoks missionerlərinin xristianlaşdırma fəaliyyətlərinə qarşı davamlı mücadiləsi sükutla ötüşdürülmüşdür. Buna müqabil “Molla Nəsrəddin”in rus ədəbiyyatına “heyranlığı” göstərilmiş, bu dərgi ilə digər dərgi və qəzetlər arasında sırf ədəbi dil üzərində cərəyan edən münaqişələrə ““Molla Nəsrəddin” mürtəce mətbuata qarşı mübarizədə” adı verilmişdir.

Məlum olduğu kimi “Molla Nəsrəddin” xalq dili ilə intişar edirdi və ədəbi türkcənin üsul və qaydalarına çox da riayət etmədiyi üçün şiddətli tənqidlərə məruz qalmaqda idi. Bu məsələdə kommunistlərin bu gün özlərinə çıxmağa çalışdıqları o zamankı inqilabçı qəzetlər də ədəbi dil tərəfdarlarının tərəfini tutduğu halda, Sovet mətbuatı müştərək ədəbi türkcəyə tərəfdarlığın bir irtica olduğunu iddia etməkdədir. Mirzə Fətəlinin ədəbi məktəbini davam etdirən “Molla Nəsrəddin” dərgisinin sahibi Mirzə Cəlil Məhəmmədquluzadə geniş xalq kütləsinə xitab etdiyi üçün istifadə etdiyi xalq ağzını ədəbi bir dil etmək iddiasında olmadığını hər fürsətdə təkrarlamışkən müştərək ədəbi türkcəni qanundankənar elan edən və onu istifadə edənlərə “Türk casusu” adını verməkdə tərəddüd etməyən kommunistlər “Molla Nəsrəddin”i bugünkü “Sovet türkcəsi”nin mübəşşirlərindən biri saymağa çalışırlar.

1906-cı ilin aprelində intişara başlayan “Molla Nəsrəddin” 1920-ci ilə qədər davam etmiş və 1920-ci ildə baş verən qırmızı istiladan sonra Təbrizə nəql edilərək burada 1921-ci ilin fevral ayından mayına qədər 8 nüsxə intişar etmişdir. Dərgi 1922-ci ildən 1931-ci ilə qədər artıq müstəqil bir kimliyini qeyb etmiş bir şəkildə Bakıda Sovet hökumətinin bir orqanı olaraq çıxırdı.

Mirzə Cəlil Məhəmmədquluzadənin 1921-ci ilin mayında Təbrizi tərk edərək Bakıya dönüşünü kommunist yazıçılar özlərinə məxsus qırmızı yalanlara baş vurmaq surəti ilə izaha çalışırlar. Deyirlər ki: “Cəlil Məhəmmədquluzadə həmişə ana vətənin fikri və arzusu ilə yaşayırdı. Nəhayət, may ayının 2-də Bakıdakı Azərbaycan İnqilab Komitəsindən göndərilən bir teleqrafda onun Bakıya dəvət edildiyi yazılmışdı. Bu, Cəlil Məhəmmədquluzadəni xeyli sevindirdi”.

Bu teleqrafın mətni “Molla Nəsrəddin”in Təbrizdə çıxan son nüsxəsində də qeyd olunmuşdur. Vətən həsrətindən bəhs etməyən bu mətndə “Azərbaycan Maarif vəkili təyin olunması münasibəti ilə Təbrizdən getmək məcburiyyətində qalmasından” bəhs edilməkdədir ki, bunun qırmızı bir yalan olduğu az sonra anlaşılmışdır. Cəlil Məhəmmədquluzadə Bakıya gəldikdən sonra sözün tam mənası ilə aldadılmış olduğunu anlamış və bunu təkrarlamaqdan çəkinməmişdir. Bolşeviklər “Molla Nəsrəddin” kimi azadfikirli bir dərginin Cənubi Azərbaycanda intişarına təhəmmül edə bilməmiş, aldatmaq yolu ilə onu Bakıya cəlb edərək öz kontrollarına almışdılar. Yəni “Molla Nəsrəddin” 1906-dan 1921-ci ilə qədər azad bir fikir orqanı olaraq intişar etdikdən sonra bütün məmləkətlə bərabər bolşevik əsarətinə düşmüş və nəhayət qapanmışdır.

Azərbaycan kommunistləri “Molla Nəsrəddin” dərgisi ilə bərabər Mirzə Cəlil Məhəmmədquluzadənin ədəbi şəxsiyyəti üzərində də dayanmaqda və onun öz işlərinə yarayan bəzi əsərlərini də nəşr etməkdədirlər. O cümlədən bir şah əsər olan “Ölülər” pyesinin bundan qırx il əvvəl ilk dəfə səhnəyə qoyulmasını da qeyd etmiş və ilk təmsilə iştirak edən aktyorlardan həyatda olanların xatirələrini də nəşr etmişdirlər. Fəqət Mirzə Cəlil Məhəmmədquluzadə bir dramaturq olaraq yalnız “Ölülər” pyesini yazmış deyildir. Onun Təbriz dönüşü, yəni Sovet hakimiyyəti dövründə yazılmış, fəqət bir-iki dəfə təmsil edildikdən sonra mən edilmiş başqa pyesləri də vardır. Bunlardan “Anamın kitabı” hər baxımdan üzərində dayanılacaq qiymətli bir əsərdir. Müəllif bu əsərində üç məmləkətdə oxuduqdan sonra öz ailələrinə qayıtmış üç qardaşı təsvir edir. Onlardan biri İranda, ikincisi Osmanlıda, üçüncüsü isə Rusiyada təhsil almışdır. İrandan dönən bir molladır və özü ilə bərabər sxolastik orta çağ zehniyyətini gətirmişdir. Osmanlıdan gələn azəri türkcəsini İstanbul ağzı ilə pozmağı bir mərifət saymaqdadır. Üçüncü oğul isə rusçuluğu Avropa mədəniyyəti ədd edər. Bir-biri ilə mücadilə edən bu üç fərqli zehniyyət ailədə nizam və ahəngi alt-üst etməkdədir. Ardı kəsilməyən qovğalardan bezmiş ata oğullarına öyüd verərək ananın kitabından uzaqlaşmamağı tövsiyə edir. Xalqı ananın kitabına çağıran bu əsər Azərbaycan türkünü ana kökündən ayırmaq istəyən kommunistlərə xoş görünmədiyindən oynanılması mən edilmiş, hətta Mirzə Cəlilin əsərləri sırasından çıxarılmışdır.

Mirzə Cəlil Məhəmmədquluzadənin Sovet hökuməti tərəfindən mən edilən əsərləri arasında ermənilərlə türkləri birləşməyə dəvət edən “Kamança” pyesi də vardır ki, ciddən bir sənət əsəridir.

“Azərbaycan” jurnalı, sayı 50-51, 1956


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər