Dünyada koronavirus əleyhinə vurulan peyvənd dozalarının sayı 6 milyardı ötüb. Onlardan yarıdan çoxu üç ölkənin – Çin (2,18 milyard), Hindistan (0,84 milyard) və ABŞ-ın (0,4 milyard) payına düşür.
Teleqraf.com xəbər verir ki, müvafiq hesablama hakimiyyət orqanlarının rəsmi məlumatlarına və KİV-lərdə yer alan statistika əsasında aparılıb.
Məlumata görə, hazırda bütün dünyada koronavirus əleyhinə 6,002 milyard vaksin dozası vurulub. Lakin tam vaksinasiya kursunu keçən insanların sayını hesablamaq hələ mümkün deyil. Belə ki, bir çox ölkələr yalnız vurulan peyvənd dozalarının ümumi sayı barədə məlumat verir.
İspaniya, Malta, İslandiya, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Seyşel adaları kimi ölkələrdə əhalinin 75 faizdən çoxu azı bir vaksin dozası əldə edib.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus sentyabr ayının sonunadək dünyanın 50 ölkəsi, xüsusən Afrika dövlətləri üzrə əhalinin ən azı 10 faizinin koronavirus əleyhinə peyvənd olunması barədə qurumun qarşıya qoyduğu məqsədə çata bilmədiyini deyib.
“Bloomberg” agentliyi ekspertlərinin hesablamalarına görə, indiyə qədər dünya üzrə istehsal olunan peyvəndlər insanların 38,7 faizinin vaksinasiya olunmasına kifayət edir və hazırda vaksinasiyanın orta tempi gün ərzində 33 milyon dozadır. Bu temp qorunub saxlanarsa, qarşıdakı altı ay ərzində dünya əhalisinin 75 faizini peyvəndləmək mümkün olar.