24 Sentyabr 2021 14:57
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetinin Gəncə, Bərdə və Tərtərə rəsmi səfərləri baş tutub.

Teleqraf.com xəbər verir ki, səfərlərin əsas məqsədi dövlət partnyorları, beynəlxalq donorlar və ortaq layihələrdən faydalananlarla görüşmək, həmçinin cari layihələrin nəticələri ilə tanış olmaq olub.

Gəncədə səfərdə olan A. Frakassetti Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmovla görüşüb. Onlar Gəncə PTM-nin iki emalatxanasına baş çəkiblər və cari layihə çərçivəsində, həmçinin öncəki peşə təhsili layihəsi üzrə həyata keçirilmiş fəaliyyətlər və əldə edilən nəticələr barədə məlumatlandırıblar. BMTİP-nin dəstəyi ilə 6 yeni kurrikulum, 27 tədris modulu və müxtəlif ixtisasları əhatə edən 10 kurs yaradılıb və infrastrukturun yenilənməsinə yardım edilib. Ümumilikdə, 500-ə qədər müəllim və tələbə layihədən faydalanıb. Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP-nin Peşə təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində 3000-dən artıq tələbə peşə təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində görülən işlərdən birbaşa faydalanacaq.

Daha sonra rezident nümayəndə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru Caidev Sinqx ilə birgə Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə PROGRO mərkəzinə baş çəkiblər. Onlar PROGRO təlimlərinin gənc iştirakçıları ilə tanış olublar və təlimləri uğurla bitirmiş iştirakçılara sertifikatlar təqdim ediblər. “Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” (“Professional Growth and Innovations Platform – PROGRO”) 2019-cu ildə BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində hazırlanmışdır. Bugünə kimi, layihə çərçivəsində Gəncə, Zaqatala, Masallı və Sumqayıtdan olan 408 gənc üçün karyera planlaşdırılması, peşəkar bacarıqların və sahibkar düşüncəsinin formalaşdırılması üzrə təlimlər keçirilib. COVID-19 dövründə isə 1000-dən çox gənc uzun və qısa müddətli peşəkar inkişaf təlimlərindən faydalanıb.

BMTİP-nin rezident nümayəndəsi Alessandro Frakassetti, həmçinin Bərdədə səfərdə olub. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ilə birgə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüb. Tərəflər tezliklə Bərdədə qadınların səlahiyyətləndirilməsi istiqamətində başlayacaq yeni layihəni müzakirə ediblər.

Daha sonra A. Frakassetti və S. Qəhrəmanova Tərtər rayonuna səfər edərək rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüş zamanı BMT-nin İnkişaf Proqramı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra edilən "Azərbaycanın Füzuli-Horadiz, Ağcəbədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlığının təmin edilməsi" layihəsi çərçivəsində bugünə kimi görülmüş işlər və əldə edilmiş nailiyyətlər müzakirə olunub. Səfər, Tərtər İcma Resurs Mərkəzində layihə çərçivəsində təlim proqramını uğurlu tamamlamış icra hakimiyyətinin gənc nümayəndələri ilə görüş və sertifikat verilməsi mərasimi ilə yekunlaşıb.

Qeyd edək ki, sözügedən layihə bir sıra tədbirlər vasitəsilə yerli inkişafın dəstəyinə diqqət yetirir. Tədbirlərə bizneslərin qurulması, peşə təlimi, “yaşıl” iş yerləri və icmaların ehtiyaclarına əsaslanan əsas yerli infrastukturu bərpa edəcək sürətli təsir layihələri daxildir.


Müəllif: Nemət