26 Sentyabr 2021 16:24
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin Azərbaycan mətbuatının önəmli simalarından Hacı İbrahim Qasımzadə 1886-cı ildə Bakıda doğulub. 1907-ci ildə Haşım bəy Vəzirovun redaktoruluğu ilə çıxan “Təzə həyat” qəzetində mətbuat fəaliyyətinə başlayıb. Daha sonra özü müstəqil jurnalistika həyatına davam edən Hacı İbrahim 1911-ci ildə “Məlumat”, 1914-1915-ci illərdə “İqdam”, 1914-1920-ci illərdə isə “Bəsirət” qəzetinin redaktoru olub.

1911-ci ildə Orucovların çap etdiyi “Məlumat”ın müdiri Hacı İbrahim Qasımzadə, baş mühərriri isə Mehdi bəy Hacınski idi.

“Molla Nəsrəddin” jurnalının təsiri altında formalaşan Hacı İbrahim bir çox satirik jurnallarda “Kəlniyyət”, “Diplomat”, “Qırmızı saqqal”, “Açar”, “Xərabati”, “Cüm-cüm əyar”, “Həftəbecər” və s. imzalarla məqalələr qələmə alıb. 1912-1913-cü illərdə nəşr etdiyi “Kəlniyyət” jurnalı isə “Molla Nəsrəddin”in izinə düşməkdi. Eyni zamanda o, Haşım bəyin “Məzəli” satirik dərgisi ilə, 1911-1912-ci illərdə Mirzə Cəlal Yusifzadənin redaktorluğu ilə çıxan “Həqiqəti-əfkar” qəzeti ilə də əməkdaşlıq edib.

Mirzəbala Məhəmmədzadə “Azərbaycan türk mətbuatı” adlı əsərində “Kəlniyyət”lə bağlı yazıb: ““Kəlniyyət” dəxi gülgü – məzhəkə məcmuəsi olub, 1-ci nömrəsi 1912-ci ildə mayısın 24-də Bakıda nəşr edilmişdir. “Kəlniyyət”in müdiri-məsulu Hacı İbrahim Qasımov, sahibi-imtiyazı isə Seyid Hüseyn Sadiq olub, Orucovların mətbəəsində müsəvvər olaraq təb ediliyordu. “Kəlniyyət” birinci il 31 nömrə çıxıb, ikinci il isə – 1913-cü ildə fevral ayında qapanmışdır”.

8 səhifəli, şəkilli, satira və karikatura jurnalı olan “Kəlniyyət” həftədə iki dəfə nəşr edilən satirik jurnal idi, Orucov qardaşları mətbəəsi və “Kaspi” tipolitoqrafda çap edilib. Rəssamı Əzim Əzimzadə idi.

Qasımzadə “Nicat” Maarif Cəmiyyəti idarəsinin katibi də olub.

Hacı İbrahim Qasımzadə həm də teatr tənqidçisi, mütərcim idi. L.N.Tolstoyun “Rəhmanamı, yoxsa şeytanamı sitayiş etməli?” (1910), M.Tvenin “İyirmi beş milyonluq bir çek” (1910), V.Lukyanskayanın “Ümmil-fəsad və yaxud şərab” (1911, A.Kazımzadə ilə birlikdə) əsərlərini kitabça halında çap etdirib. M.F.Axundzadənin yaxın dostu, iranlı Mirzə Mülküm xanın “Şeyx və vəzir” risaləsini dilimizə çevirib “Təzə həyat” qəzetində çap etdirib.

Qasımzadə müasirləri haqqında da yazılar qələmə alıb. “İqbal” qəzetinin 12 iyul 1913-cü il tarixli sayında onun Mirzə Ələkbər Sabirin vəfatının iki illiyi münasibətilə məqaləsi dərc edilib.

Cümhuriyyət illərində

Hacı İbrahim Cümhuriyyət illərində yarırəsmi “Azərbaycan” qəzeti ilə əməkdaşlıq edib. Redaksiyanın 1919-cu ildə çəkilmiş toplu fotoşəklində o da yer alıb.

Cümhuriyyət illərində də davam edən “Bəsirət” qəzetində Hacı İbrahim dövrün önəmli hadisələrinə reaksiya verib. “Bəsirət”in 27 oktyabr 1918-ci il tarixli 197-ci nömrəsində onun “Yenə qəflət ediləcəkmi?” adlı məqaləsini dərc olunub. Mart soyqırımından bəhs edən bu məqalədə Qasımzadə yazıb: “... Mart hadisəyi əliməsi böyük fənalıqlar törətdi. Şəhərimizi tam bir məzaristana döndürdü. Ermənilər, ermənilərin daşnaq firqələri insaniyyətpərvərlik maskası altında on minlərlə qadın, çocuq və aciz müsəlmanları qırdılar. Onlar bu kimi fənalıqları yapmaqla erməni tarixində misli görünməmiş bir səhv etdilər. Zira özlərini böyük fəlakət içərisinə saldılar. Bakıda böyük bir qovğa düşəcəyi, ermənilərin böyük bir fitnə qalxızacaqları təbii əvvəldən bəlli idi. Bunu o zamanki Türk gazətələri yazıb cəmaatı xəbərdar ediyor idi. Bəli mart hadisəyi əliməsinin ümdə səbəbi ermənilər və daşnak firqəsiydi. Çünkü bir gündə mütəassıb daşnaklar siyasət icabı ilə həpsi bolşevik cildinə girib bolşevik bayrağı altında mart rəzalətini yapdılar”.

“Bəsirət” qəzeti ilə bağlı M.Məhəmmədzadə yuxarıda adı çəkilən əsərində belə yazıb: ““Bəsirət” “hər həftə və bayram sabahları nəşr edilən siyasi, ictimai, iqtisadi və ədəbi türk qəzetəsidir”. Bu qəzetəni Hacı İbrahim Qasımov 1914-cü ildə aprel ayının 14-də nəşrə başlamışdır. Bu qəzetə bütün müharibə zamanı davam etmiş, 1918-ci ildə martdan sentyabra kimi tətil etmişsə də, “Müsavat” dövründə yenə 1920-ci ilin 27 nisanına kimi çıxmışdır, 27 nisan 1920-ci ildən sonra bir neçə nömrə çıxmışsa da, axırda tətilə məcbur olmuşdur. 7 sənə davam edən bu qəzetədə Azərbaycanın məşhur mühərrirlərindən hamısı az-çox iştirak etmişlərdir, o cümlədən Məhəmmədəmin Rəsulzadə, doktor Nərimanov və qeyriləri. 1919-cu ildən son vaxtlara qədər “Bəsirət”də Məhəmmədzadə Mirzəbala da iştirak etməyə başlamışdır. “Bəsirət”də “Kəlniyyət” imzasıyla “Həftəbecər” sərlövhəli felyetonlar o qəzetəni ümumxalq içində məşhur etmişlərdir. İran dövlətinə, İran əhvalına bu qəzetədə xüsusi əhəmiyyət veriliyordu”.

Sovet hakimiyyəti illərində nəşriyyat sahəsində işləyib, mütərcimlik edib. 1936-cı ildə Bakıda vəfat edib.

Mühacirin vəfası

Mirzəbala Məhəmmədzadənin mühacirətdə yazdığı “Kəlniyyətin ölümü” adlı məqalədən aydın olur ki, Sovet illərində Hacı İbrahim mövcud rejim tərəfindən tam şəkildə qəbul edilməyib: “28 dekabr 1936-cı il tarixli Bakı qəzetlərindən birinin son səhifəsində kiçik elanlar qismində qara çərçivə içərisinə alınmış belə bir xəbər oxuduq: “Kədərdidə rəfiqəsi Sara xanım və qızı Sürəyya Qasımzadələr Hacı Mahmud oğlu Hacı İbrahim Qasımzadənin uzun xəstəlikdən sonra vaxtsız vəfat etdiyini əqrəba və dostlarına xəbər verirlər. Cənazə mərasimi 29 dekabr saat dörddə keçiriləcəkdir”. “Kommunist” qəzetinin 29 dekabr 1936 tarixli sayında yenə son səhifənin kiçik elanlar qismində başda Hacı İbrahimin keçmiş qələm yoldaşlarından M.A.Səfərov, Qədir Heydər, Xəlil İbrahim və başqaları olduğu halda on nəfərdən ibarət bir qrupun “başsağlığı”larını oxuduq. Başqa nə bir məqalə, nə bir nekroloq, nə bir təfsilat... Halbuki Hacı İbrahimin Azərbaycan mətbuat və ədəbiyyat tarixində bir yeri vardır, hər şeydən əvvəl 25-30 illik bir qəzetçidir...

Altı-yeddi il bundan əvvəl Hacı İbrahimin vəfat xəbərini eşitmişdik. Üç-dörd il bundan əvvəl isə Bakı qəzetlərində Hacı İbrahimin Sovet Yazıçıları İttifaqından ixrac edildiyini eşidincə ikiqat sevindik. Əvvəla Hacı İbrahimin yaşamaqda olduğu, sonra da kommunistləşməmiş olduğu üçün sevinmişdik. Görünür, Hacı İbrahim sosializm quruluşuna qoşulmamışdır. Bununla qalmamış, bəlkə, ixtisasını təşkil edən və üsyankar bir şəkil ərz edən mizahi, tənqidçi pozisiyasında davam etmişdir. Ədəbiyyat cəmiyyətindən qovulması və vəfatının laqeydliklə qarşılanması buna görə olacaqdır”.

Mirzəbala həmin yazısında Hacı İbrahim Qasımzadənin həyat və fəaliyyəti ilə bağlı bu maraqlı bilgiləri təqdim edib:

“Hacı İbrahim hər kəsin bildiyi hacılardan deyildi. Daha çocuq ikən atası Hacı Mahmud onu özü ilə birlikdə Məkkəyə aparmış, o gündən adına “Hacı” kəlməsi əlavə olunmuşdur. Dindar Hacı Mahmud daha çocuq ikən Hacı etdiyi İbrahimi daha gənc ikən də evləndirmişdi. Bununla birlikdə Hacı Mahmud əsri irfana və Avropa kültürünə də əleyhdar olmamışdır. İndi İranda çalışan məruf hüquqşünaslarımızdan sabiq Bakı bələdiyyə rəisi Qasım Qasımzadə bəy Hacı İbrahimin doğma qardaşıdır. Hacı İbrahim türkcə, farsca və rusca təhsil almışdı. 1912-ci ildə çıxarmağa başladığı “Kəlniyyət” adlı rəsmli mizah qəzeti Hacı İbrahimin “Molla Nəsrəddin”in təsirində yetişmiş olduğunu göstərirdi. Onda qüvvətli bir mizah qabiliyyəti vardır. “Kəlniyyət” 1913-cü ildə qapadıldıqdan sonra Hacı İbrahim 1914-də həftəlik “Bəsirət” qəzetini təsis etmişdir. Səhifələrində ən tanınmış mühərrirlərimizin, ədiblərimizin və şairlərimizin yazıları olan bu siyasi, ictimai, ədəbi, elmi qəzet bilafasilə ta 1918-ci ilin 31 martına qədər davam etmiş və Bakıda başlayan qanlı hadisələr münasibətilə “Açıq söz”, “Kaspi” və s. qəzetlərimiz kimi istiqlal hərbinin sonuna qədər o da tətil etmişdir. 1918-ci ilin sentyabrında Bakı qurtarıldıqdan sonra “Bəsirət” yenə çıxmağa başlamış və ta 1920-ci ilin 27 aprelinə qədər davam etmişdir”.

Məhəmmədzadə Qasımzadənin Birinci Dünya müharibəsi illərindəki fəaliyyəti haqqında bunları yazıb: “O, dünya müharibəsi dövründəki yazılarında müxtəlif hars, ədəbiyyat, sənət, maarif, iqtisad və s. cəmiyyətləri alaraq tədqiq və tənqid edir, fərdlərdə və kütlədə olduğu kimi bunlarda da yüksək bir əxlaq və ümumi ortaq milli bir ideal olmasını istəyirdi. Hacı İbrahimin fikrincə ortaq milli ideal və milli iman olmadan bu cəmiyyətlərin fəaliyyətləri göstəriş üçün edilən çıxışlardan ibarət olaraq qalır. Milli idealsız yaşamaq və çalışmaq faydasızdır. Bu olarsa, bir-biri ilə rəqabət edən bu cəmiyyətlərin birləşib təşriki-məsai etmələri öz-özlərindən anlaşılmış olacaqdır. Anadolu fəlakətzədələri faydasına Bakı mühərrirləri tərəfindən çıxarılmış “Qardaş köməyi” məcmuəsində Hacı İbrahim bu fikrini daha konkret bir şəkildə formulə etmişdi. O, təklif edirdi ki, maarif, teatr, musiqi, ədəbiyyat, nəşriyyat, yardım kooperativi və s. bu kimi ictimai işlərlə məşğul olan cəmiyyətlər eyni zamanda hər şeyi etməkdən vaz keçərək tək bir cəmiyyət halında birləşdikdən sonra o cəmiyyət içərisində hər biri bir sahə ilə məşğul olan seksiya halına gəlsinlər”.

Mirzəbala həmçinin onun Cümhuriyyət və mühacirət illəri haqqında da olduqca maraqlı məlumat verib:

“Hacı İbrahim öz qəzetindən başqa digər qəzetlərdə də çalışırdı. O cümlədən istiqlal dövründə yarırəsmi “Azərbaycan” qəzetinin ailəyi-qələmiyyəsinə mənsubdu. Eyni zamanda Azərbaycan parlamentində zabıt katibi sifətilə çalışırdı. Bu vəzifə ona sonsuz bir mövzu qaynağı təmin etmişdi. Parlament həyatından, partiya qovğalarından nə surətdə mütəəssir və mülhəm olduğunu bilmək üçün onun “Həftəbecər” başlığını daşıyan “Kəlniyyət” imzalı mizahi yazılarını oxumaq lazımdır. Qırmızı istila Hacı İbrahimin qəzetini qapamış, fəqət qələmini qırmamış və ağzını yuma bilməmişdir”.

Mirzəbala məqaləsini haqlı olaraq bu cümlələrlə bitirib:

“Hacı İbrahimin ölümünü qeyd etmədən keçməklə bolşeviklər onu unutdurmaq istəmişdirlər. Fəqət çox yanılırlar. “Kəlniyyət” bütün “Həftəbecərləri” ilə, Hacı İbrahim bütün “Bəsirəti” ilə mətbuat və fikriyyat tariximizdə ölməz ulularımızla yan-yana duracaqdır”.

Qaynaq:

Mirzəbala Məhəmmədzadə. “Azərbaycan türk mətbuatı”, Bakı, 1922
Mirzəbala Məhəmmədzadə. “Kəlniyyətin ölümü”, “Qurtuluş” jurnalı, sayı 28, fevral 1937
Əziz Mirəhmədov “Azərbaycan jurnalistləri və naşirləri”, Bakı, 2013
Hacı İbrahim Qasımov, “Yenə qəflət ediləcəkmi?”, “Bəsirət”, no. 197, 27 oktyabr 1918. (Transliterasiya edən: Mehdi Gəncəli)


Müəllif: Dilqəm Əhməd