29 Sentyabr 2021 15:39
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Zəfərlə başa vurduğumuz Vətən müharibəsinin başlanmasından 27 sentyabrda bir il ötdü. Müharibə zamanı döyüş meydanında ordumuzun qarşısında dura bilməyən Ermənistan mənfur əməllərinə sadiq qalaraq dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya və raket atəşinə, terrora məruz qoymaqla beynəlxalq hüququn norma və prinsiplərini pozdu. Verdiyimiz itkilərə baxmayaraq, mübarizəmiz şanlı Qələbə ilə yekunlaşdı. Xalqımız torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizi ehtiramla yad edir.

Bunu Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti sayəsində şəhid və qazi ailələri, müharibədən zərər çəkən vətəndaşlar hərtərəfli qayğı ilə əhatə olunub:

"Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli adddımlar atılıb. Eyni zamanda dövlət qurumları, ictimai təşkilatlar, vətəndaşlar tərəfindən şəhid, qazi və erməni terrorundan əziyyət çəkən ailələrə sosial dəstək layihələri bu gün də davam etdirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz növbəsində Qələbəmizdən ötən bir il ərzində şəhid və qazi ailələri, xüsusilə də onların uşaqlarını əhatə edən sosial-psixoloji dəstək proqramları, reabilitasiya xidmətləri həyata keçirib. Müxtəlif yaş qrupundan olan əhali təbəqələrinin cəlb edilməsi ilə mühüm proqramlar icra edib”.

Sədr müavini söyləyib ki, Ermənistanın hərbi cinayətlərindən zərərçəkən ailələrlə işin aparılması üçün Dövlət Komitəsi, 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri onların yanında olub:

“Bu ailələrin ilkin vəziyyətləri qiymətləndirilib və ehtiyaclara uyğun dəstək tədbirləri həyata keçirilib. Bu istiqamətdə görülən işlər hazırda da davam edir. Dövlət Komitəsi və digər təşkilatlarla birgə 1400-dən çox ailəyə səfər edilib psixo-sosial qiymətləndirilmə aparılıb, 2400 uşağın ilkin psixo-emosional vəziyyəti dəyərləndirilib. Risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi aparılıb. Post-müharibə dövründə psixo-sosial dəstəyin davam etdirilməsi məqsədilə Ağdam rayonunun İmamqulubəyli kəndində 6-16 yaşlı 400-ə yaxın uşağın iştirak etdiyi layihə həyata keçirilib. “Ailə könüllüləri” layihəsinin hədəfləri sırasında silahlı münaqişələr nəticəsində zərər çəkmiş şəxslərə dəstək göstərilməsi xüsusi yer tutub. Eyni zamanda “Ailədən ailəyə” layihəsi çərçivəsində ailələr dəstək prosesinə fəal cəlb olunaraq, şəhid və qazi ailələrinə yardımlar edilib”.

Aynur Sofiyeva bildirib ki, həssas qrupdan olan ailələrin üzvlərinə şəhid, qazi, aztəminatlı ailələrə və tənha qadınlara mütəmadi olaraq psixoloji, hüquqi yardımlar göstərilir:

“Komitənin həyata keçirdiyi tədbir və təlimlərdə Vətən müharibəsi şəhidlərininin uşaqlarına mənəvi dəstək göstərmək məqsədilə onların iştirakı xüsusilə nəzərə alınır. Şəhidlərin övladlarından ibarət vahid baza yaradılıb və bu uşaqlarla mütəmadi əlaqələr saxlanılır. Bu məqsədlə “Lider olmaq istəyirəm” adlı yay məktəbində şəhid, qazi və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqlarının iştirakı təmin edilib. Bundan əlavə, 27 sentyabr Anım Günü ilə əlaqədar Tarix muzeyinə təşkil olunan ekskursiyada şəhid və qazi övladlarının iştirakına xüsusi önəm verilib”.


Müəllif: Tapdıq Qurbanlı