İl yarımlıq fasilədən sonra ali məktəblər qapılarını tələbələrin üzünə açdı. Yeni şəraitə uyğun olaraq daxili qaydalar dəyişdirildi, pandemiyaya uyğun davranış qaydaları tətib edildi. COVID-19 pasportu tələb olunduğundan universitet qapıları ardında tələbələr saatlarla gözləməyə məcbur oldular. Söhbət sosial şəbəkədə Bakı Dövlət Universitetinin (BDU) qarşısındakı izdihamla bağlı yayılan fotodan gedir.
Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı BDU-nun mətbuat xidməti açıqlama yayıb.
Məlumatda bildirilir ki, tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub: “Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməsi demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.
Bəs digər ali təhsil müəssisələrində vəziyyət necədir? Mövzunu araşdırmaq üçün ali məktəblərlə əlaqə saxladıq.
Azərbaycan Dövlət İqtisad Universitetindən bildirildi ki, tələbələrin universitetə daxil olmasında sıxlıq yaranmaması üçün əlavə giriş qapıları açılıb: “Universitetin əsas tədris binasının 4 qapısı var. Amma tələbələr həmişə bir girişdən istifadə edirdilər. Bu dəfə onlar üçün iki girişi açmışıq ki, sıxlıq yaranmasın. Universitetdə elektron model tətbiq olunduğu üçün gediş-gəlişləri smart kartlarla izlənilir. Turniketlər qoyulub, tələbələr smart kartlarını daxil edərək universitetə giriş edəcəklər.
Hələ ki turniketlər istifadəyə verilməyib. Smart kartlar sistemdə qeydiyyata alındıqdan sonra istifadə olunacaq. Bu gün tələbələrin COVID passportu yoxlanılır. Lakin növbəti günlərdə proses smartkartlarla izləndiyi üçün birbaşa tənzimlənəcək”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də tələbələrin gediş-gəlişində sıxlıq yaşanmaması üçün universitetdə 5 alternativ giriş-çıxış yaradılıb. Bildirilir ki, əlavə olaraq bəzi tələbələr dərslərdə onlayn iştirak edirlər: “Əyani qaydada tədrisə start verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, auditoriyanın tutumunun 70 faizindən artıq tələbə iştirak edə bilməz. Buna görə də universitetdə alt-üst həftə olaraq tələbələrin bir qismi əyani dərsdə iştirak edir, digər qismi onlayn olaraq dərslərə qoşulur. İki həftədən sonra dərslərə onlayn qoşulanlar universitetə gəlirlər.
Bununla yanaşı, tələbələr əvvəlcədən sistemə daxil edilib, 90 faizi peyvənd olunub. Qapılarda xüsusi dezinfeksiyaedici aparatlar quraşdırılıb. Paralel olaraq qapılarda termovizorlar quraşdırılıb və bununla məsafədən universitetə daxil olanların temperaturu ölçülür. Hərarəti 37 dərəcədən yüksək olanda qırmızı işarə ilə göstərilir. Universitetdə hər mərtəbədə tələbə və əməkdaşlar üçün təcrid olunma otaqları ayrılıb. Vəziyyəti pisləşən şəxslər o otaqlara keçiriləcək. Həmçinin, bu məsələlərin operativ qaydada həll olunması məqsədilə işçi qrupu yaradılıb”.
Tələbə sayı baxımından çoxluq müşahidə olunan ali məktəblərdən biri də Azərbaycan Texniki Universitetidir. Sualımıza cavab olaraq ali məktəbdən bildirildi ki, sıxlığın qarşısını almaq üçün Operativ Qərargahın müvafiq tələblərinə riayət olunur: “Nazirlər Kabinetinin qərarına uyğun olaraq AzTU-da auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə olunur. Professor-müəllim heyətinin eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb. Sıxlıq yaranmaması üçün tələbələrin universitetə daxil olması iki ayrı qapıdan həyata keçirilir.
Universitetdə tədris həm ənənəvi, həm də onlayn qaydada təşkil olunur. Həftənin 1,3, 5 günləri dərslər onlayn keçiriləcək. Həmin günlər mühazirə dərsləri olacaq. Məşğələ dərsləri isə həftənin 2-ci və 4-cü günləri əyani formada təşkil ediləcək. Sentyabrın 29-u 3-cü gün olduğu üçün 2,3 və 4-cü kursların dərsləri onlayn təşkil olunub. 1-ci kurslar isə universitetə tanışlıq üçün dəvət olunub. Birinci kursların əksəriyyətinin 18 yaşı tamam olmadığı üçün onlardan COVID-19 pasportu tələb olunmur”.
Universitetdən verilən məlumata görə tələbələrin 83 faizi, müəllim və əməkdaşların isə 92 faizi vaksinasiyadan keçib: “İlk olaraq tələbələrin temperaturu yoxlanılır. Bunun üçün hər qapıda 10 əməkdaş xidmət göstərir. Bundan başqa girişdə dezinfeksiya tuneli quraşdırılıb. Həm temperaturu ölçür, həm də dezinfeksiya edir. Bundan başqa, hər iki girişdə ümumilikdə 10 turniket quraşdırılıb. Turniketdən istifadə etmək üçün tələbələrə smart kartlar paylanılır. Tələbələrin COVID-19 pasportu da həmin smart karta inteqrasiya olunub. 18 yaşdan yuxarı COVID-19 pasportu və ya immun sertifikatı olmayan tələbələr isə universitetə buraxılmayacaq”.
Azərbaycan Dillər Universiteti (ADU) isə yaşanan sıxlığı adi hal kimi qəbul edir. Universitetdən bildirilib ki, eyni qayda ilə tələbələr daxil olarkən COVID pasportları yoxlanılır: “Universitet tədris binalarının qarşısında hər hansı sıxlığın olması normal bir haldır. Düşünürük ki, növbəti günlərdə bu hal artıq səngiyəcək hər hansı sıxlıq müşahidə olunmayacaq. Nəzərə alaq ki, birinci kurslar bu gündən etibarən dərslərə başlayıblar və onların valideynləri də universitetlərin inzibati binasının qarşısına toplaşırlar. Bu gündən etibarən bir neçə foto yayılıb. Ehtimal olunur ki, növbəti günlərdən artıq bunlar olmayacaq. ADU-da dərslər artıq ənənəvi olaraq başlanılıb və dərslərin tədris proqramları ilə bağlı fənnlərlə bağlı hər hansı bir problem qeydə alınmayıb”.
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, sıxlığın qarşısını almaq üçün yoxlama prosesində iştirak edən universitet əməkdaşlarının sayı artırılmalıdır: “Koronavirusla bağlı vaksinasiya olmuş tələbələrdən pasport tələb olunması, eyni zamanda onların bədən temperaturunun yoxlanılması və sair bu kimi proseslər bir qədər vaxt alır. Yaxşı olar ki, bütün qapılardan tələbələrin qəbul olunmasına imkan yaradılsın. Bu məsələnin həlli üçün vaxt lazımdır. Paralel olaraq, bütün valideynlərə üz tuturam, birinci kurs tələbələrini sərbəst buraxın. Onların tələbələrlə gəlməsi universitetlərə giriş-çıxışı məhdudlaşdırır, sıxlıq yaradır”.