Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 17-də Bakıda Uşaqların internetdə hüquqlarının qorunması ilə bağlı forum keçiriləcək.
Teleqraf.com xəbər verir ki, BMT-nin "Uşaq hüquqları" konvensiyasını şərh edən Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, bu konvensiyada 15 yaşadək uşaqların işə cəlb edilməsi, uşaq pornoqrafiyasının çəkilişi, paylaşması və dövriyyəsi, kibersahədə uşaqların hüquqlarının qorunması ilə bağlı məsələlər öz əksini tapıb.
"Bütün bunlarla yanaşı, qeyd etdiyimiz məsələlər "Kibercinayətkarlıq haqda konvensiya"da daha əhatəli şəkildə qeyd olunub. Qanunvericiliyə görə, belə hallar aşkar edildikdə qeyd edilən qeyri-qanuni əməllərlə məşğul olan şəxslərə qarşı 8-10 min manat həcmində cərimələnməsi, 5-8 ilədək azadlıqdan məhrum edilmə cəzası tətbiq edilir və bu işlərin təşkilində vəzifəli şəxs iştirak edirsə, o, üç ilədək hər hansı vəzifə tutmaq hüququndan məhrum edilir. Azərbaycanda 2015-ci ildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə dəyişikliklərin edilməsi nəzərdə tutulur", - deyə B. Məmmədov qeyd edib.
İLHAMƏ