14 Oktyabr 2021 12:11
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada müşahidə olunan tendensiyalar virusla mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Təbii ki, bu prosesdə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Xüsusilə vaksinasiyada iştirak vətəndaş məsuliyyətinin əsas göstəricisidir. Dünyada vaksin millətçiliyi, eləcə də vaksinin əlçatanlığında müşahidə olunan çətinliklərə rəğmən bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, mütəxəssislər də bu vaksinlərin hər birinin effektiv və təhlükəsiz olduğunu bildirib:

"Bu gün isə dünyada müşahidə olunan tendensiya onu göstərir ki, pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVID-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilər. Vaksin olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Bu isə hər bir vətəndaşdan məsələyə daha ciddi yanaşmanı tələb edir”.

Millət vəkili bildirib ki, mütəxəssislər vaksinin qüvvətləndirici üçüncü-Buster dozasının əhəmiyyəti barədə də artıq ictimaiyyətə məlumat verib:

“Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Çünki hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini təsdiqləyir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir”.

Deputat hesab edir ki, ilk növbədə yüksək risk qrupuna daxil olunan insanlar - tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər üçün 3-cü doza məqsədəuyğun hesab olunur:

“Bu kateqoriya insanlar 3-cü dozanın əhəmiyyəti daha çoxdur. Beynəlxalq təcrübəyə diqqət yetirsək, müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Tibb mütəxəssisləri də bildirir ki, üçüncü doza virusla mübarizə aparan anticismləri əvvəlki dozalardan üç dəfə artıq gücləndirir. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, Buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub. Onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir”.

Könül Nurullayevaya görə, Buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb:

“Delta ştammına nəzərən təcrübə də göstərir ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Bu mənada vətəndaşlar peyvəndin sayından daha çox, onun nəticəsinə, özünün, yaxınlarının, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına daha çox önəm verməlidir. Yalnız belə olan halda biz bu qlobal bəladan xilas ola bilərik”.


Müəllif: Tapdıq Qurbanlı