16 Oktyabr 2021 12:06
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Koroğlu-Bilgəh marşurutu üzrə hərəkət edən 171 nömrəli avtobus və yük maşının toqquşması nəticəsində baş verən qəza sərnişin daşıma və yol hərəkəti ilə bağlı bir çox problemləri gündəmə gətirdi. Videogörüntülər yayıldıqdan sonra tərs mütənasib fikirlər çoxaldı.

Teleqraf.com olaraq mövzunu araşdırmaq qərarına gəldik.

İlk olaraq Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılar işini Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilən Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri əsasında qurmalıdır. İstər sürücülərin işə qəbulu, istər daşımalara cəlb edilən avtobuslar, istərsə də qarajlar məhz bu tələblərə uyğunlaşdırlmalıdır. Sürücülərin reysqabağı tibbi yoxlanışdan keçirilməsi də bu tələblərdə açıq aydın əksini tapıb. Hər bir daşıyıcı bu tələbin icrasına görə məsuliyyət daşıyır.

Bəs daşıyıcı şirkətlər nə edir?

BNA-dan aldığımız cavabdan sonra avtobus daşıyıcı şirkətləri ilə əlaqə saxlayıb, sürücüləri hansı şərtlərlə işə qəbul etdiklərini öyrənməyə çalışdıq. Daşıyıcı şirkətlər arasında sualımıza yalnız “Xaliq Faiqoğlu”dan cavab cavab ala bildik.

Şirkətdə 25-55 yaş arasındakı sürücülər müsabiqə əsasında işə götürür. İşə götürülən şəxsin fiziki və psixoloji sağlamlığına xüsusi diqqət göstərilir: “Həmçinin, müraciət edən şəxslərin D və ya DE sürücülük kateqoriyasının olması, məhkumluq haqqında arayış təqdim etməsi mütləqdir. Bundan sonra müraciət etmiş sürücü müsabiqəyə buraxılır, onun nəzəri və praktiki bilikləri yoxlanılır. Sürücü vəzifəsinə namizədin sürücü peşəsi üzrə bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaq, həmin peşəyə uyğunluğunu müəyyən etmək üçün daxili komissiya mövcuddur. Daha əvvəl ictimai nəqliyyatda xoşagəlməz hadisə törətmiş şəxslər işə götürülmür. Müraciət edən sürücülərin mütləq ictimai nəqliyyatda iş təcrübəsinin olması lazımdır”.

Bildirildi ki, şirkət tərəfindən gündəlik olaraq sürücülər və nəqliyyat vasitələri yoxlanılır: “ “Xaliq Faiqoğlu” şirkətində bir neçə həkim ştatı mövcuddur və ixtisaslı həkimlər çalışırlar. Sürücülər reysə çıxmazdan əvvəl alkotestdən keçirilir, onlarla sorğu aparılır. Həmçinin əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında bütün sürücülərin ümumi tibbi yoxlanışı da həyata keçirilir. Gün ərzində tibb məntəqəmizdə həkim olur və özünü narahat hiss edən, şikayəti olan sürücülər, eləcə də digər əməkdaşlar müraciət edə bilirlər.

Nəqliyyat vasitələrinə gəlincə şirkətimizdə bütün avtobuslar gündəlik olaraq qaraj şəraitində texniki baxışdan keçirilir. Hər hansı texniki problemi olan avtobus xəttə buraxılmır. Nəqliyyat vasitələri həmçinin rüblük və illik baxışdan keçirilir, yay və qış rejiminə hazırlığı əvvəlcədən təmin edilir”.

Sərnişin daşımada hansı boşluqlar var?

Paytaxtda ictimai nəqliyyatın vəziyyəti ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin fikirlərini öyrəndik. Ekspert hesab edir ki, ölkəmizdə sərnişin daşıma arxa planda qalıb:

“Sərnişin daşınmanın prioritetliyində problem var. Yol infrastrukturunda bu daha qabarıq görünür. Yol örtüyünə baxsaq onun prioritetliyi ayrılmış zolaqların həm fiziki baryerlə əhatələnməsindən, həm də şəbəkənin azlığından görünməlidir. Biz sözdə deyirik ki, ayrılmış zolaqlar var. Amma onların sayı şəhərdə nə qədərdir? Azdır. Digər məqam ictimai nəqliyyatın çeşidliyidir. Sərnişin daşıma dedikdə təkcə avtobusdan danışmamalıyıq. Çeşidli olmalıdır. Hazırda ölkəmizdə məhdud sərnişin daşıma şəbəkəsi var: avtobus, metro və mədud elektrik qatarları. Bunların arasında olan inteqrasiya da çox zərifdir. Əgər fərqli nəqliyyat növləri ilə səfərinizi təşkil etmək istəsəniz heç də hər yerdə rahat keçid təmin olunmayıb. Məsələn, Sumqayıdan gəlmək üçün mütləq 28 maya gəlib, metro vasitəsilə şəhərin digər nöqtələrinə gedəsiniz. Bunun başqa rahat keçidi təmin oluna bilərdi. Sərnişin Dərnəgülə gəlib, yaşıl xətlə rahat hərəkət etsin, şəhərin mərkəzinə gəlməsin. Bu növ problemlər hazırda sərnişindaşımada var. İlkin olaraq ayrılmış zolaqlar şəbəkəsinin sayını artırmaq və ciddi nəzarət və işlənməsini təmin etmək lazımdır”.

“Minik avtomobillərinin artmasının səbəbi sərnişindaşımadakı çatışmazlıqlardır”

Ölkəmizə xeyli sayda avtomobil idxal olunur. Ekspert hesab edir ki, bu, sərnişindaşımadakı çatışmazlığın əsas göstəricisidir:

“Ölkəmizə hansı avtomobillərin daxil olması səbəbindən çox niyə daxil olması araşdırılmalıdır. İnsanlar maddiliyi təmin etməkdən ötrü kreditə girib, maşın alır. Deməli, sərnişin daşıma o səviyyədədir ki, o maddiliyi tam təmin edə bilmir, mövcud infrastruktur tam gücü ilə işləmir. Fərqli növlər olmalıdır. Bakı milyonluq meqapolisdir. Bunu təkcə avtobus üzərində saxlayırıqsa, fəsadları da olacaq. Hansı ki, görürük. Trolleybus, tramvay, yüngül reysli dəmiryol şəbəkəsi olmalıdır. Elan olaraq bunu daima izləyir, eşidirik. Amma onun heç olmasa mərhələli şəkildə reallaşmasını görmürük”.

“Sürücülərə mütəmadi təlimlər keçirilməlidir”

Ekspert sürücülərin iş prosessində keyfiyyətin artırılmasından da söz açdı: ““Baku Bus” un avstriyalı mütəxəssislərlə müasir treyninq mərkəzi var. Sadəcə olaraq, həmin mərkəzləri daha da aktivləşdirmək, artırmaq lazımdır. Sürücülərin işə alınmasından başqa, 6 aydan bir hazırda çalışan sürücülərin də xatırlatma məşğələləri artırılmalıdır. Bu, məcburi hal almalıdır. Sürücülər mütəmadi olaraq məcburi təlimlərə cəlb edilməlidir”.


Müəllif: Aysel Azad