16 Oktyabr 2021 17:28
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisə daxil olan büdcə layihələrinin özündə də sosial xərclər prioritet təşkil edir. Ölkə rəhbərinin irəli sürdüyü bütün təşəbbüslərdə sosial xərclər ilk yerdə dayanır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, 2021-ci ilin sosial xərcləri təxminən 39 faizə yaxın olub: “Yəni, heç bir digər xərclər, sosial xərclər qədər yer tutmayıb. Bu da onu göstərir ki, Azərbaycan öz mahiyyəti etibarı ilə sosial dövlətdir. Dövlətin fəaliyyətinin məqsədi odur ki, öz vətəndaşının sosial rifahını yüksəltsin və onun təhlükəsizliyini təmin etsin”.

Millət vəkilinə görə, ölkə rəhbərinin qəbul etdiyi sənədlər ilk növbədə sosial sahədə, xüsusən də həssas kateqoriyadan olan insanların rifahının daha da yaxşılaşdırılmasının mənafeyinə xidmət edir: “Ölkə başçısı hər zaman şəhid ailələri, qazilər, müharibə veteranları, keçmiş qaçqın və məcburi köçkünlərin social qayğılarına hər zaman diqqətlə yanaşıb. Bu siyasət indi də uğurla davam etdirilir. Sosial baxımdan zəif təmin olunmuş ailələr hər zaman bu diqqəti müşahidə edib”.

Elman Nəsirov hesab edir ki, 2022-ci ilin büdcəsində ölkənin mövcud sosial reallıqları da öz əksini tapacaq: “Gələn ilin dövlət büdcəsində də əhali, onun sosial rifahı ilə bağlı məsələlərin ilk növbədə dayandığının şahidi olacaq”.


Müəllif: Tapdıq Qurbanlı