17 Oktyabr 18:34

Gəncədə Vətən Müharibəsi zamanı şəhid olan mülki şəxslərin xatirəsi anılıb.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından bir il ötür. Bununla əlaqədar olaraq Gəncədə anım mərasimi təşkil olunub.

Anım mərasimində Milli Məclisin I vitse-spikeri Əli Hüseynli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, hüquq-mühafizə orqanlarının rəhbərləri, müsəlman, xristian və yəhudi dini icmalarının nümayəndələri, habelə şəhər ictimaiyyətinin üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları Vətən Müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, terror qurbanlarının xatirəsini ehtiramla yad ediblər. 2020-ci ilin oktyabrın 17-də gecə saat 02:00 radələrində düşmən növbəti dəfə cəbhə zonasından xeyli uzaqda yerləşən Gəncə şəhərini “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Nəticədə 15 nəfər şəhid olub, 50-dən artıq şəxs yaralanıb, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var. O da diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabr tarixlərində) raket atəşinə məruz qalıb. Nəticədə 26 nəfər şəhid olub, 130-dan artıq şəxs yaralanıb.


Müəllif: Teleqraf.com