18 Oktyabr 2021 15:46
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzində (DİM) buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və açıq tipli tapşırıqların yoxlanılmasına dair hazırlıq kurslarında kimya, biologiya, fizika, tarix, coğrafiya, ingilis dili və rus dili fənləri üzrə məşğələlər keçirilib.

DİM-dən Teleqraf.com-a bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən təşkil edilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali məktəblərin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

Öncə şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verib, nəzəri hissənin mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcəyini bildirib. Qeyd edib ki, kursun praktiki hissəsində iştirakçılar ev tapşırıqlarını 15 gün müddətində internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməlidir. Hazırlıq kursunun sonunda iştirakçılar kalibrləmə prosesindən keçəcəklər.

Hazırlıq kurslarında moderatorlar - kimya fənni üzrə Elşad Abdullayev, biologiya fənni üzrə Nailə Əliyeva, fizika fənni üzrə Sona Hacılı və Əlövsət Rəcəbli, tarix fənni üzrə Hafiz Cabbarov, coğrafiya fənni üzrə Nərminə Seyfullayeva, ingilis dili fənni üzrə Nərminə Əliyeva və rus dili fənni üzrə Viktoriya Ələkbərova müvafiq fənn kurikulumunun strukturu, mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması, qiymətləndirilməsi mümkün olan altstandartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.

Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcək.


Müəllif: Teleqraf.com