20 Oktyabr 2021 13:56
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər uşaqlar arasında infeksion xəstəliyə yoluxma halları artıb. Bu hal xüsusilə məktəbli uşaqlar arasında müşahidə olunur. Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Doktor, uşaqlar arasında yayılan xəstəliklərin sayı artıb. Bu nə ilə əlaqədardır?

- Mövsümlə əlaqəli olaraq havalar soyuduqca adətən infeksion xəstəliklər artır. Bircə ötən il infeksion xəstəliklər çox yayılmadı. Pandemiya səbəbilə qapanmalar olduğuna görə heç bir məktəb açıq deyildi, virusa yoluxma qeydə alınmadı.

- Bu müddətdə uşaqların immunitetinin yüksəldilməsi üçün hansı tövsiyələriniz var?

- İmmuniteti artırmaq üçün heç bir dərman, xüsusi müalicə metodu yoxdur. Əgər uşaqın yuxu rejiminə, yeməyinə diqqət edilirsə, uşaq idmanla mütəmadi məşğul olursa, qida rasionu onun yaşına uyğundusa, bunlar immunitetin güclənməsi üçün kifayət edir. Əlavə heç bir tədbirə ehtiyac qalmır.

- Sizcə, hansı hallarda uşaqlar COVID-19-a qarşı peyvənd olunmalıdırlar?

- Hər iki valideynin razılığı olarsa, 12 yaşdan yuxarı uşaqlar peyvənd oluna bilər. Xüsusən uşağın yanaşı xroniki xəstəliyi, nevroloji problemləri, immun çatışmazlığı varsa, artıq çəkidən əziyyət çəkirsə, onun peyvənd olunmasını tövsiyə edirik.

- Bəs hansı uşaqlara peyvənd olmaz?

- Daha əvvəl peyvənd olunduğu zaman əks göstəriş, anafilaktik reaksiya qeydə alınan uşaqlara peyvənd vurmaq qəti qadağandır. Yəni birinci doza zamanı ciddi reaksiya olubsa, ikinci dozanı vurmaq olmaz. Ümumiyyətlə, Azərbaycanda uşaqların peyvənd olunması məcburi deyil, hər iki valideynin mütləq razılığı lazımdır.


Müəllif: Aysel Azad