20 Oktyabr 2021 17:05
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən paytaxt Bakıda Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, yarmarkada ümumilikdə 120 ton bal satışa çıxarılıb.

Əməkdaşlarımız yarmarkadakı vəziyyətlə tanış olublar.

Satıcılar tərkibi dəmirlə zəngin, min bir dərdin dərmanı olan müxtəlif çeşiddə balı paytaxt sakinlərinə təqdim edirlər.

Aqrar Tədarük və Təchizat Cəmiyyətinin nümayəndəsi Qalib Bəhramovun sözlərinə görə, pandemiya səbəbilə yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə 250 arıçının iştirakına icazə verilib. O qeyd edib ki, yarmarkada satışa çıxarılan məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb:

“Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-dək həyata keçirilib. Yarmarka iştirakçıları növbəlilik əsasında müəyyən olunub. Onlayn qaydada ilk qeydiyyatdan keçmiş arıçıların iştirakı təsdiqlənib.

Yarmarkada iştirak üçün arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərkən minimum 25 arı ailəsinə sahib olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportu və ya immun sertifikatı olan arıçılar iştirak edirlər”.

Burada yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsi ilə müəyyən edilib. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

Ötən illərdən fərqli olaraq bu ilki yarmarkadan zəfər ətri hiss olunur. Bu dəfə satışa işğaldan azad olunmuş torpaqlardan – Laçın və Kəlbəcərdən ballar da gətirilib.

Elşən Behbudov Laçın balı satır. Üçüncü ildir yarmarkada iştirak edən arıçı deyir ki, adətən yarmarkaya İsmayıllı balı ilə gəlirdi, ilk dəfə arıları Laçında bəsləyib. Onun sözlərinə görə, müştərilər arasında Laçın balına maraq çoxdur: “Arıları İsmayıllı və Oğuzdan aparmışam. 2 aya toplanan baldır. 50 kiloqram Laçın balı gətirmişəm. Laçın balının kiloqramı 50 manat, İsmayıllı balını isə 30 manata satıram. Laçın balının qaymağını da ayırmışıq. Çox faydalıdır”.

40 ildən çoxdur arıçılıqla məşğul olan müsahibimiz Sabir Musatafayev isə alıcılara Kəlbəcər balı təklif edir. Deyir ki, Kəlbəcər balını digərlərindən fərqləndirən 28 illik həsrətdir: “İyun ayında Kəlbəcərə köç etdik. 2 ay ərzində 2 dəfə bal süzümü edə bildik. Cökə, çəmən və yaylaq balı satıram. Yarmarkaya 400 kiloqram balla qoşulmuşam. Girdiman çayı, Ağsu-İsmayıllı zonasının və Kəlbəcərin balını gətirmişəm. Kəlbəcər balını 40 manatdan satıram, demək olar ki, bitmək üzrədir. 200 kiloqram gətirmişdim, 100 kiloqramı artıq satılıb”.

Bundan başqa, yarmarkada Murovdağ balına da rast gəldik. 2 aya toplanan bu balın kiloqramı 30 manatadır.

Yarmarkada ən çox təmsil olunan Lənkəran-Astara istiqsadi rayonudur. Bu rayonlardan ümumilikdə 195 arıçı müraciət edib və 77 nəfər yarmarkada iştirak haqqı qazanıb.

Havanın soyuq olmasına baxmayaraq, hər il mütəmadi olaraq keçirilən bal yarmarkası bu il də alıcıların marağına səbəb olub.

Ötən illə müqayisədə balın hər kiloqramında 5 manatadək artım var. Satıcılar bunu məhsulun az olması ilə əlaqələndirir. Müşahidələrimiz göstərdi ki, qiymətlər və məhsulun keyfiyyəti alıcıların ürəyincədir.

Bundan başqa yarmarkada arı südü, pətək, çiçək tozu və digər arıçılıq məhsullarına da rast gəlmək olur.

Qeyd edək ki, vətəndaşlar 20 oktyabr-7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov