Novella Cəfəroğlu: “Görüşdə müzakirə edilən məsələlər haqda açıqlama yayılacaq”
Dünən Milli Məclisdə İnsan Hüquqları Problemi ilə əlaqədar yaradılan Birləşmiş İşçi Qrupunun toplantısı keçirilib. Toplantıda hökumət nümayəndələri, hüquq müdafiəçiləri və Avropa Şurası rəhbərliyinin xüsusi nümayəndəsi iştirak edib. Toplantıda müzakirə edilən məsələlərlə bağlı mətbuata əlavə məlumat verilməyib. İclas saat 16.00-da başlayıb və axşam saatlarına qədər davam edib.
Hüquq müdafiəçisi, İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib ki, toplantıda bir sıra məsələləri müzakirə ediblər: “Bura problemli məhbuslar və insan haqları ilə bağlı digər məsələlər daxildir. Ancaq görüşün nəticəsi, müzakirə edilən məsələlərlə bağlı İşçi Qrupunun katibliyi açıqlama yayacaq. Toplantı gözəl keçdi, bütün məsələlər müzakirə olundu. Edilən müraciətlər, məktublar, ərizələr gündəlikdə oldu”.
Hüquq müdafiəçisi deyib ki, toplantıda İşçi Qrupunun bütün üzvləri iştirak edib. Onun sözlərinə görə, toplantıda hüquq müdafiəçisi Əvəz Həsənov da qrupa daxil edilib: “Mümkündür ki, İşçi Qrupunun tərkibi getdikcə genişlənsin. Bir daha qeyd edirəm ki, bu, yaxşı haldır. Biz bütün problemləri İşçi Qrupunun toplantılarında açıqlaya və çatdıra bilirik. Elə məsələlər var ki, bu haqda səlahiyyətli şəxslərə məlumatı çatdırıb problemin həllinə nail ola bilmirdik. İşçi Qrupunda isə bunları demək imkanları olur. Bu baxımdan İşçi Qrupu vacib mexanizmdir. Həm Azərbaycan cəmiyyətinə, həm vətəndaşlara, həm həbsdə olan insanlara bu mexanizm vacibdir. Nəzərə almaq lazımdır ki, problem ancaq məhbuslarla bağlı deyil. Minlərlə insanın hüququ pozulur. Biz bu məsələləri qaldırırıq, eləcə də QHT-lərlə bağlı problemləri müzakirə edirik. Mən sabah olmaya, bu qurumda başqa şəxs ola bilər. Vacib deyil ki, burada mən iştirak edim, ancaq dialoq olmalıdır. İstəsək də, istəməsək də, cəmiyyətlə hakimiyyət arasında dialoq olmalıdır. İşçi Qrupu da dialoq formatlarından biridir. Həm də heç bir dövlətdə belə bir mexanizm yoxdur”.
Cavidan