21 Oktyabr 2021 16:06
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni mutant kimi qələmə verilən AY.4.2 ştamı əslində yeni deyil, iyulda identifikasiya olunub.

Teleqraf.com xəbər verir ki, TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

Mütəxəssis xatırladıb ki, buna əvvəllər “delta plyus” ştamı deyilirdi: “Delta plyus” ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticisimlərə qarşı müəyyən rezistentlik göstərir. Bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub. “Delta plyus” ştamları COVID-19 virusunun mutasiya edilmiş formasıdır. Bundan sonra da yeni mutasiyalar gözləyə bilərik”.

Akif Qurbanov xatırladıb ki, COVID-19 virusları mutasiyaya meyilli virusdur. Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.

“Onu da vurğulayım ki, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Və ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya “delta plyus” ştamına qarşı effektivliyini qorumaqdadır”, – deyə həkim bildirib.

Xatırladaq ki, bir sıra ölkələrdə, o cümlədən region ölkəsi olan Rusiyada COVID -19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Onun hətta “delta” ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var. Bildirilir ki, yeni mutasiya daha çox kontakta meyillidir, onun simptomları daha qısa zaman kəsiyində özünü büruzə verir. AY.4.2-yə yoluxmuş şəxslərin xəstəliyi ağır və çox ağır keçirməsi, hətta uşaqların da yoluxması halları müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir. Yaşadığımız pandemiya dövründə insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmasi vacibdir.


Müəllif: Teleqraf.com