21 Oktyabr 2021 23:12
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli BURADA

Mühacirətşünas alim Nikpur Cabbarlı Iğdırın Mələkli qəsəbəsinə gedərsəm, orada yaşamış, oranın təbiətini şeirlərində mədh etmiş mühacir şair Müseyib Zəyəmin də məzarını tapmağımı istəmişdi. Feysbukda Zəyəm ailəsindən Məltəm xanıma bu barədə yazdım, o da növbəsində Bülənd Zəyəm bəyə zəng etməyimi bildirdi. O şəkildə də etdim.

Bülənd bəy Müseyib bəyin məzarının Iğdır Əsri məzarlığında olduğunu, oraya apara biləcəyini dedi. Bülənd bəylə bələdiyyə binasının qarşısındakı parkda görüşdük, müsafiri olduq. Xeyli söhbət etdikdən sonra Əsri məzarlığına yola düşdük. Bülənd bəyin başqa sürprizi da varmış. Əsri məzarlıqda Zəyəm ailəsi ilə yanaşı Qazaxın məşhur Cahandar ağasının da ailə məzarlığı vardı: Alqazax ailəsi. Müseyib Zəyəm Şair Müseyib Zəyəm 1900-cü ildə Şəmkirin Zəyəm bucağına bağlı Bayramlı kəndində dünyaya gəlib.

Atası Hüseyn bəy, anası Püstə (Fatma) xanımdır. Museyibin özündən böyük 4 (Xankişi, Əli, Aslan, Mahmud) və kiçik bir qardaşı (Mehdi), üç bacısı (İzzət, Nabat, Qızxanım) olub.

1906-cı ildə atasını, 1908-ci ildə anasını itirib. Qardaşı Aslan 1912-ci ildə Bayramlı kəndində, digər qardaşı Əli 1919-cu ildə Gəncədə vəfat edib. Əmisi Həsənin və böyük qardaşı Xankişinin himayəsində böyüyən Müseyib təhsil almaq üçün Qori Müəllimlər Seminariyasına göndərilib.

Müseyib 1915-ci ildə məktəbi bitirməkdə ikən I Dünya müharibəsinin yaratdığı ağır böhran nəticəsində ailəsinin yanına qayıdıb. 1917-ci ildə Qafqazda yaşanan xaos nəticəsində evi yağmalanan ailələrdən biri də Müseyibin ailəsi olub. Müəyyən zənginliyə sahib olan ailə bu yağmalanmadan sonra Gəncəyə qaçıb. Müseyib Gəncədə ikən yeni qurulan Azərbaycan Cümhuriyyətinin polis idarəsində bolşevik işğalı dövrünə qədər tərcümanlıq fəaliyyəti ilə məşğul olub.

1920-ci ilin may ayında rus istilasına qarşı baş verən Gəncə üsyanına qatılan Müseyib həbs edilib, erməni gözətçi və müdirin nəzarətində həbsxanada qalıb. Lakin 25 gün sonra bir sənəd əldə edərək tovuzlu soydaşları ilə birlikdə Tovuza gedib, daha sonra Ceyrançölə yerləşib. Bir neçə ay sonra Eldar ərazisinə keçib, bolşeviklərlə mübarizə aparan 300 nəfərdən ibarət qaçaq dəstəsinə qoşulub, onlarla birgə döyüşüb. Daha sonra Tiflisə keçən Müseyib 1921-ci ilin baharınadək – bolşeviklərin Gürcüstanı işğalınadək burada qalıb. Oradan Kutaisiyə və Batuma keçib.

Moskva müqaviləsinə görə Batum ruslara verildiyi üçün oradan da Hopaya, daha sonra Trabzona yerləşib. 1921-ci ildən etibarən 13 il Trabzonda ticarətlə məşğul olan Müseyib nəticədə sərmayəsini itirib və iki il çətin vəziyyətdə yaşayıb. Həmyerlilərinin təşviqi ilə 1936-cı ildə İğdıra gələn Müseyib burada bələdiyyədə təhsildar olaraq çalışıb.

Müseyib Zəyəm 1957-ci il martın 1-də vəfat edib, İğdırdakı Əsri məzarlığında dəfn olunub. 1924-cü ildə Trabzonda evlənən Müseyib Zəyəmin iki qızı, bir oğlu olub.

Zəyəmin xatirələri Iğdırla bağlı önəmli tədqiqatların müəllifi Nizaməddin Onk Müseyib Zəyəmlə bağlı hazırladığı kitabda şairin özünün yazdığı xatirələrə də yer verib: “1917-ci ilin yayında “bəy-rəiyyət” davası oldu. Əhali digər bəylərlə birlikdə bizi də öldürməyə, malımızı yağmalamağa başladı. İki gün baş verən silahlı mübarizədən sonra bütün malımızı alıb apardılar. Bizdən yaxşılıq görmüş qaçaqların çörəyimizi tapdalamayaraq kömək etməsi, qoruması nəticəsində Gəncəyə qaçıb qurtulduq. Yaxşı bir şair olan dədəm Əli Sultan bəyin yazdığı şeir dolu kitab bu əsnada qeyb oldu... 1918-ci ildə Gəncədə milli polis müdirliyində tərcüman olaraq işə başladım. 1920-ci ilədək türkcə-rusca tərcümanlıq etdim. Böyük qardaşım Xankişi də konsul idi. Bolşeviklər gələnədək vəzifəmiz davam etdi”.

Xatirələrində Gəncə üsyanına da toxunan Zəyəm maraqlı məlumatlar verib: “1920-ci il aprelin 27-də rus ordusu Azərbaycanı işğal etdi. O əsnada Gəncədə vəzifə başında idim. Rus zülmü hər yerdə fəlakət kimi davam edirdi. Buna dözə bilməyən igid Gəncə xalqı üsyan etdi.

Mən də həmin üsyançılara qatıldım. 7 gün gecə-gündüz savaşdıq. Aramızdakı xainlərin ruslara satqınlıq edib bizləri ələ verməsi ilə Gəncə üsyanı yatırıldı... Üsyana qatılanlardan sağ qalanlar həbs edildi, aralarında mən olmaqla... 25 gün həbsdə qaldım”.

Ağrı dağına baxan məzarlar Bülənd bəylə birlikdə mühacir şairin məzarı önündəyik. Məzarlar Ağrı dağına baxmaqdaydı...

Məzar daşında belə yazılmışdı: Azerbaycanlı Halk Şairi Musa Eyyüp Zeyem. Ö.31.03.1957”. Zəyəm ailəsinə aid burada başqa məzarlar da vardı: Aslan oğlu Azerhan Zeğem (11.08.1942-07.04.1975), Kupes oğlu Aslan Zeğem (1903-14.06.1957). Azərxan Zəyəm Bülənd bəyin atasıdır.

Azərxan Müseyib bəyin qızı Nadidə xanımın oğludur. Cahandar ağa ailəsinə məxsus Alkazak məzarlığında isə bu şəxslər dəfn ediliblər: Cihandar oğlu Hasan Alkazak (1310- 28.06.1980), Hasan oğlu Turan Alkazak (01.01.1937-11.03.2016) Məzarlıqdan sonra Bülənd bəy Alkazak ailəsindən, yəni Cahandar ağanın nəvəsi Alican Alkazak bəylə görüşdürdü.

Xeyli söhbət etdik. Alican bəyin müsafirləri də atalarının İrəvandan gəldiklərini qeyd etdilər. Alican bəy qardaşı Gürbüz Alkazakın həmmüəlifi olduğu “Mücahidlikdən mühacirliyə Alkazaklar” kitabını hədiyyə etdi. Kitabda tarixi həqiqətlər əsasında Qazaxın məşhur nəsillərinin mühacir həyatı roman şəklində yazıb.

Axşam Bülənd bəylə Iğdırın ən məşhur küçəsi olan Vali yolunda gəzdik. Zəyəmin şeirlərindən M.Zəyəm 1922-ci ildə Trabzonda yazdığı “Durnalar” şeirində Zəngəzur müharibələrinə toxunub:

Zəngəzurda hərb edən tazə cavanlar,
Durmadan töküldü o yerdə qanlar.
Qalalar fəth edən ol komandanlar
Cavan ordu, qəhrəmanlar dururmu?!.

1930-cu ildə yazdığı “Allahdan bir dilək” adlı şeirində Zəyəm şəhid baş naziri də xatırlayıb:

Nəsib bəy də şəhid oldu bir yanda
Səməd paşa can vermişdi zindanda
Hacı Zeynalabdin baba sultan da
Çekada millətə qurbanmı oldu?
İnsafsız Moskofda vicdan nə oldu?

Gəncə üsyanının məşhur qəhrəmanlarından Sarı Ələkbərə ithaf etdiyi şeirində Zəyəm belə yazırdı:

Sürüldük vətəndən, eylədik səfər
Fələyin sürgünü dönməzmiş məgər
Hanı biznən sürgün gələn Ələkbər
Özü getdi, sözü qaldı dünyada.

Zəyəm “Zamanı gəldi” adlı şeirini isə II Dünya müharibəsində almanların qələbə qazanmasından sonra Azərbaycana yol açılacağını düşünən həmşərilərinin dilindən yazıb:

Almanın qüvvəti salmış hər yandan
Zərbəyi yeyərsən bir də Turandan
O məhzun milləti burax zindandan
Girib parçalayan zindanı gəldi.

M.Zəyəm Iğdıra, burada yaşayan dostlarına, Mələkli qəsəbəsinə, Azərbaycanda qoyduğu əzizlərinə müxtəlif şeirlər yazıb. Beləliklə, Iğdırdakı qısa səfərimiz tamamlandı. Tarixi İrəvan torpaqlarından miras qalan bu yurd yerlərində tədqiqatlarımız davam edəcək...


Müəllif: Dilqəm Əhməd