22 Oktyabr 2021 11:11
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Badamdar sürüşmə sahəsində 2018-ci ildə başlamış sürüşməyə qarşı əks-tədbirlər layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin nəzdində Yaponiya şirkətinin əməkdaşları ilə birlikdə dörd mərhələli layihə hazırlanıb. Layihəyə əsasən sürüşmənin əsas səbəbkarlarından olan yeraltı suların ərazidən kənarlaşdırılması üçün tədbirlər görülüb".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev deyib.

O bildirib ki, həmin tədbirlərdə dərinliyi 30 metr olan 3,5 metr diametrli vertikal istiqamətdə dərin quyular qazılıb:

"Həmin quyuların içərisindən isə uzunluğu 50-60 metr olan üfiqi sugötürücülər quraşdırılıb. Hazırda bu işlər yekunlaşdırılıb. Aparılan müşahidələrə görə, yeraltı suların səviyyəsi 7-8 metr aşağı düşüb. Bu mərhələ yekunlaşdıqdan sonra isə digər mərhələlərdə Badamdar-"20-ci sahə" avtomobil yolunun sağ tərəfində dərinliyi 9 metr olan dəmir-beton konstruksiyalar üzərində istinad divarı inşa edilib.

Bu işlər yekunlaşdırılıb, yolun bir hissəsi torpaq kütləsindən təmizlənib. İkinci mərhələ üzrə isə terraslarda dəmir-beton konstruksiyalar üzərində rosveklər quraşdırılmaqla bərkitmə işlərinə başlanılıb, birinci terras üzrə işlər yekunlaşıb. Hazırda gördüyünüz ikinci terras üzrə dəmir-beton svayların vurulması işləri həyata keçirilir".

S.Vəliyev qeyd edib ki, bu mərhələlər başa çatdıqdan sonra yamacın yuxarı hissəsində ankerləmə işləri davam edəcək: "Bu da yamac bərkitmə işlərinə aiddir. Yəni burada 5-6 metr olmaqla ankerlər vurulacaq. Vurulduqdan sonra üzəri betonla hamarlanacaq.

Bu mərhələlər qurtardıqdan sonra sürüşmə sahəsində infltrasiya olunmuş digər ehtimal olunan suları kənarlaşdırmaq üçün qalereyalar quraşdırılacaq ki, bu da drenaj şəbəkəsidir, əlavə suları sahədən kənarlaşdırmaq üçün nəzərdə tutulur.

İşlər yekunlaşdıqdan sonra yamacda abadlıq işləri həyata keçiriləcək, yamac tam formaya düşəcək, torpaq hamarlama işləri aparılacaq".


Müəllif: Teleqraf.com