22 Oktyabr 13:38
319

Rusiyada koronavirus əleyhinə vaksinasiya prosesi çox zəif gedir və orada artıq növbəti bir mutasiya növü olan AY.4.2 yayılmağa başlayıb. İlkin nəticələrə görə, həmin mutasiya “delta” variantından daha kəskin gedişata malikdir və daha yoluxucudur. AY.4.2-yə yoluxan şəxs bir dəfəyə hətta 9-10 nəfəri yoluxdura bilər. Həmin mutasiyaya yoluxmuş şəxslə kontaktda olanlarda simptomlar çox qısa müddətdə yaranır. Bu variant daha kəskin formada və tez yayılır.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.

L.Qalimovanın sözlərinə görə, həmin varianta yoluxan şəxsin yanaşı xəstəlikləri olarsa, o zaman xəstənin vəziyyəti ağırlaşır ki, bu da onun sağalma ehtimalını çətinləşdirir. Hazırda yeni mutasiyalarla əlaqədar olaraq COVID-19 əleyhinə iki doza vaksin vurduran vətəndaşlara, xüsusilə 50 yaşdan yuxarı olan, 18 yaşdan yuxarı xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə üçüncü doza vaksinin vurulmasını məsləhət görürük. Onlar buster doza ilə qoruyuculuqlarını bir qədər də artıra bilərlər.

“Əhalinin xeyli hissəsi “Sinovac” şirkətinin vaksini ilə peyvəndlənib. İnaktiv vaksin olduğu üçün onun qoruyuculuğu bir qədər az ola bilər. Ona görə də üçüncü doza peyvənd vurdurmaq mütləqdir ki, həmin vətəndaşlar virusa qarşı daha yaxşı qoruyuculuq əldə etsinlər. Son zamanlar yoluxma saylarında artım müşahidə edilməsi də narahatlıq yaradır. Ona görə də əhalini vaksinasiyada aktiv iştirakla bərabər, gigiyena qaydalarına əməl etməyə, maskadan istifadə etməyə, sosial məsafəni gözləməyə səsləyirik. Payız-qış mövsümündə respirator xəstəliklərin aktivləşməsini nəzərə alaraq hər kəsi diqqətli və məsuliyyətli olmağa çağırırıq”, - deyə L.Qalimova fikirlərini yekunlaşdırıb.//AZƏRTAC


Müəllif: Teleqraf.com