25 Oktyabr 2021 17:42
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarət Xidməti şərti yanğın formatında, yaşayış kompleksində yanğın ehtimalı zamanı xüsusi texnikanın hadisə yerinə yürüş, döyüş hərəkətlərinə olan mövcud maneələrlə bağlı nəzarət tədbirləri həyata keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Bakının sıx yaşayış komplekslərində mövcud vəziyyəti geniş şəkildə ictimaiyyətə çatdırmaqdır.

Dövlət Yanğın Nəzarət Xidmətinin Ümumdaxili Xidmət polkovniki Aqşin Kazımov jurnalistlərə açıqlamasında bildirib ki, mütəmadi olaraq bu istiqamətdə keçirilən tədbirlər təkcə Bakının inzibati rayonları deyil, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə də təşkil olunur:

"Xüsusilə sakinlərə müraciət edirik, mövcud vəziyyət gələcəkdə böyük fəsadlara səbəb ola bilər. Çünki sahibkarlar həyatyanı sahələrdə avtomobillərini nizamsız şəkildə park edirlər. Bu da yanğın kimi fövqəladə hallar zamanı texnikaların həyəcanlı sahələrə, komplekslərin həyətlərinə girməsində böyük məhdudiyyətlər yaradır, böyük zaman itkisinə və məlum qeyd etdiyimiz faciələrə səbəb ola bilər.

Sahibkarlar öz obyektlərinin kənarında deyilən istiqamətlərə ciddi yanaşsınlar. Sakinlərdən xahiş edirik ki, bayram, yaxud bazar günlərində bir yerə toplaşsınlar. Binalarda yaşayan sakinlərin, hansıların ki, özəl nəqliyyat vasitələri var, iclas keçirsinlər, avtomobillərinin, fərdi xüsusi nəqliyyat vasitələrinin park edilməsi zamanı öz aralarında razılığa gəlsinlər.

Çünki təkrar-təkrar deyirik, apardığımız təhlillər göstərir ki, mövcud vəziyyət narahatedici və hər an faciəyə səbəb ola bilər".

Aqşin Kazımov qeyd edib ki, binaların layihə həlləri mütləq qaydada razılaşdırılaraq həyata keçirilsə də qeyd olunan problemlər öz həllini tapmır: "Sadaladığımız hər məqam real maneə mənbələridir. Tikinti zamanı da mütləq qaydada buna nəzarət edilir. Burada dövlətin digər nəzarətedici qurumları da var. Bakı Nəqliyyat Agentliyi (BNA) də öz səlahiyyətləri dairəsində bu işlərə nəzarət edir.

Bu istiqamətdə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cəza tədbirləri var. Sadəcə, sakinlərin təəssüf ki, böyük qisminin səhlənkarlığı, obyekt sahiblərinin buna şərait yaratması mövcud vəziyyətə səbəb olub".


Müəllif: Aysel Azad