25 Oktyabr 2021 21:24
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətini elan edən 6 maddəlik İstiqlal Bəyannaməsi dövrün ən demokratik müddəalarını özündə əks etdirən hüquqi sənəddir. Bu maddələrdə elan edilən dövlətin hansı dəyər və prinsiplərlə idarə olunacağı açıq şəkildə bildirilib.

Bəyannamədə demokratik dövlətə məxsus bu keyfiyyətlər əksini tapmışdı: hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin dövlət fəaliyyətinin əsasını təşkil etməsinin bəyan edilməsi. Bu, suveren, demokratik, hüquqi dövlət yaratmaq istəyinin göstəricisi idi.

İstiqlal Bəyannaməsinin siyasi-hüquqi mahiyyəti bundan ibarətdi ki, o, Azərbaycanda milli dövlətin siyasi əsaslarını, yəni demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, daxili və xarici, eyni zamanda milli siyasətin əsaslarını, vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirdi.

Bəyannamənin 4-cü maddəsində deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər”.
Bu maddə ilə yeni yaradılan dövlət dinindən, milliyyətindən, cinsindən, toplum içərisindəki mövcud ictimai vəziyyətindən asılı olmayaraq hər kəsin mülki və siyasi haqlarının qorunacağını vəd edirdi. Parlamentin təşkil edilməsi ilə bu vəd yerinə yetirildi. Təkcə Azərbaycan Cümhuriyyəti Parlamentinin stenoqrafik hesabatları ilə tanışlıq bu millət məclisinin simasında fərq gözləmədən bütün vətəndaşlara siyasi hüquqlar verildiyinə əyani şəkildə əminlik yaradır.

Bəyannamənin 5-ci maddəsi dövlətin ölkə ərazisində yaşayan azlıqların sərbəst inkişafına çalışacağını vəd edirdi: “Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları içün geniş meydan buraxır”. Buna görə də M.Rəsulzadə Parlamentin 10 dekabr 1918-ci il tarixli ikinci iclasında deyirdi: “Məhkumluq acısını dadmış olan Azərbaycan türkü məhkum millət yaratmaz. Azərbaycan Cümhuriyyəti övladını ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemsə, polyak və sair azlıqda olan millətlər Azərbaycan vətəndaşı qalmaqla bərabər, milli-mədəni muxtariyyətə malik olub kəndi ümuri-məzhəbiyyə, milliyyə və mədəniyyələrini kəndiləri idarə etməlidirlər”.

Azərbaycan Cümhuriyyətində hüquqları yüksək səviyyədə qorunan azlıqlar arasında yəhudilər də vardı. 1918-ci il oktyabrın 9-da Bakı valisinin icazəsi ilə yenidən fəaliyyət göstərən Yəhudi Milli Şurasına Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qərarı ilə milli təmsilçilik prinsipinə uyğun olaraq yəhudi əhalisindən bir nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini həyata keçirmək həvalə olunub.

Parlamentdə yəhudilər bir deputatla təmsil olunublar, bu səlahiyyəti Gindes Yevsey, Quxman Moisey kimi nümayəndələr daşıyıblar. Yəhudi deputat parlamentdə Milli Azlıqlar fraksiyasında təmsil olunub. Cümhuriyyət hökuməti bağlanmaq təhlükəsi altında olan yəhudi məktəbinə dəstək olub. Nazirlər Şurası 1919-cu il 10 mart tarixli iclasında yəhudi məktəblərinə birdəfəlik maddi yardım kimi 25 min rubl ayrılması haqqında qərar qəbul edib.

Yəhudilərin dini azadlığın qorunması baxımından da hökumət mühüm addım atıb. 1919-cu ilin noyabrında Maarif Nazirliyi Bakının orta təhsil müəssisələrinin direktorlarına göndərdiyi sərəncamda bildirilib ki, yəhudi şagirdlərin sayı 15-dən az olmadığı siniflərdə yəhudi dini dərsləri keçirilsin. Qeyd edək ki, Bakıda yəhudilərin 4 xalq məktəbi olub. Eləcə də Bakı şəhər yəhudi kitabxanası əhalinin yəhudi hissəsinə xidmət göstərib. Hökumət Yəhudi Milli Şurasına və Yəhudi Xeyriyyə Cəmiyyətinə də maddi yardım göstərib.

Demokratik parlament və hökumət

7 dekabr 1918-ci ildə açılan Azərbaycan Cümhuriyyəti Parlamenti demokratik əsaslarla formalaşmışdı. Azərbaycan Milli Şurasının Azərbaycan Parlamentinin açılması ilə bağlı qəbul etdiyi qanuna görə, 120 nəfərdən ibarət olacaq Parlamentə hər 24 min nəfərdən bir deputat hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 deputat seçəcək, azlıqda qalan millətlərin də nümayəndələri olacaq. İlkin hesablamalarımıza görə, fəaliyyətinin sonunadək müxtəlif əvəzlənmələrlə Məclisi-Məbusanın 100 müsəlman və 28 qeyri-müsəlman olmaqla 128 deputatı olub. Artıq 1919-cu ilin sonlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupun təmsilçisi olan 96 deputat vardı. Onların qüvvələr nisbəti aşağıdakı kimi idi: Müsavat və bitərəflər fraksiyası – 38 nəfər, İttihad – 13 nəfər, Əhrar – 6 nəfər, Sosialistlər bloku – 13 nəfər, partiyasızlar – 4 nəfər, müstəqillər – 3 nəfər, Rus-Slavyan Cəmiyyəti fraksiyası – 5 nəfər, erməni fraksiyası – 5 nəfər, Daşnaksutyun fraksiyası – 6 nəfər, azlıqda qalan millətlər fraksiyası – 4 nəfər.

Fəaliyyəti dövründə parlamentin 145 iclası keçirilib. Yetərsay olmayan 15 iclas baş tutmayıb. 17 aylıq ömründə Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını qəbul edilib. Qəbul edilmişlər arasında vətəndaşlıq, ümumi hərbi mükəlləfiyyət, mətbuat, Milli Bankın yaradılması, Bakı Dövlət Universitetinin yaradılması, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi və b. haqqında qanunları göstərmək olar.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: maliyyə-büdcə, qanunvericilik təklifləri, Məclisi-Müəssisana (Müəssislər Məclisinə) seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya, fəhlə məsələləri və b. üzrə komissiyalar.

Azlıqların nümayəndələri hökumətdə də təmsil olunmuşdu. Məsələn, İ.Protasyev (maliyyə naziri), Y.Gindes (səhiyyə naziri), K.Lizqar (ərzaq naziri), V.Klenevski (sosial təminat naziri), ermənilər - A.Dastakov (səhiyyə naziri) və X.Amaspür (portfelsiz nazir) hökumətin ən yüksək kürsülərində əyləşmişdilər.

Demokratik islahatlar

Azərbaycan Cümhuriyyəti özünəqədərki hakimiyyətlərdən fərqli olaraq demokratiya yolu seçdiyinə görə mətbuat azadlığına böyük önəm verirdi. Ölkədə türkcə, rusca, ermənicə və başqa dillərdə ən müxtəlif siyasi-ictimai istiqamətli mətbuat orqanları nəşr olunurdu. Cümhuriyyət ümumən mətbuat sahəsində o dövr üçün nadir sayıla biləcək bir sıra önəmli tədbirlər gerçəkləşdirmişdi.

Onların içərisində ən mühümü, əlbəttə, 9 noyabr 1918-ci ildən hökumətin göstərişi ilə mətbuatda senzuranın ləğv edilməsidir. Ümumiyyətlə, Cümhuriyyətdə mətbuata münasibət “Mətbuat haqqında Nizamnamə” ilə tənzimlənirdi. Parlamentin 30 oktyabr 1919-cu ildə qəbul etdiyi bu sənədə əsasən, mətbəə açmaq, çap məhsullarını nəşr etmək və satmaq üçün hökumətin heç bir icazəsi tələb edilmirdi. Yetkinlik yaşına çatmış hər bir vətəndaş mətbu nəşrin məsul redaktoru ola bilərdi. Mətbəə açmaq və ya mətbu nəşr buraxmaq istəyənlər mətbuat işləri üzrə baş müfəttişə bu barədə müəyyən edilmiş formada ərizə verməli idilər.

Azərbaycan Cümhuriyyəti dönəmində fikir və düşüncə azadlığı qorunurdu. Yığıncaqlar, klubların fəaliyyəti çox genişlənmişdi. Azərbaycanda məscidlərlə yanaşı, geniş kilsə və sinaqoqlar şəbəkəsi mövcuddu və onların fəaliyyəti əsla məhdudlaşdırılmırdı. Başqa ölkələrdə özünü göstərmiş yəhudi talanlarına Azərbaycanın tarixi boyunca, eləcə də Cümhuriyyət dönəmində təsadüf edilməyib. Ölkənin milli azlıqları Azərbaycan ərazisində özlərinin mədəni-maarifçi cəmiyyətləri ilə təmsil olunmuşdular. Rus, erməni, yəhudi, polyak, alman, fars və başqa milli icma və koloniyalara məxsus ən müxtəlif cəmiyyətlər sərbəst fəaliyyət göstərirdi. Hökumət onlara qayğı göstərir, fəaliyyətinə şərait yaradırdı. Məsən, yeni məktəblər açmaq və dərsliklər almaq üçün Rus Milli Şurasına 500 min manat pul ayırılmışdı.

Seçki məsələsi

1919-cu il iyulun 21-də Azərbaycan Məclisi-Məbusanı “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Bu, Cümhuriyyətin ali seçkili orqanının səlahiyyətlərini tənzimləyən sənəd idi. Həmin iclasda Əsasnamənin 10-cu maddəsinə uyğun olaraq, 21 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası yaradıldı.

Əsasnamə 10 fəsil (ümumi müddəalar; seçki hüququ haqqında; Müəssislər Məclisinə seçkiləri həyata keçirən təşkilatlar haqqında; seçici siyahıları; namizədlərin siyahıları haqqında; seçki bülletenlərinin verilməsi və sayılması haqqında; seçkilərin nəticələrinin müəyyən edilməsi haqqında; Müəssislər Məclisinə nümayəndəlikdən imtina etmiş və ya çıxmış üzvlərin yerinə yeni seçkilərin keçirilməsi haqqında; seçkilərin azad və düzgün keçirilməsi haqqında; Müəssislər Məclisinə seçkilər üçün xərclər haqqında) və 116 maddədən ibarət idi.

Əsasnamənin əsas müddəalarında göstərilirdi ki, Müəssislər Məclisi cinsindən asılı olmayaraq ümumi, bərabər və gizli səsvermə yolu ilə seçilmiş üzvlərdən təşkil olunur. Müəssislər Məclisinə 120 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Seçkilərdə hər nümayəndə üçün bir seçki dairəsi və səsləri hesablamaq üçün seçki məntəqəsi yaradılmalı idi. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsvermə hüququ vardı. Bu Əsasnamə o dövrdə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəddi. Göründüyü kimi, burada qadınlara da səsvermə hüququ nəzərdə tutulmuşdu. 12 fevral 1920-ci ildə Məclisi-Məbusan Mərkəzi Seçki Komissiyası’nın sərəncamına 20 milyon 547 min 450 manat vəsait buraxılması haqqında qanun çıxardı. Müəssislər Məclisinə seçkilərə hazırlıq işləri 1920-ci il aprelin 20-dək aparıldı. Seçkilərin həmin gün keçirilməsi planlaşdırılmışdı. Ancaq Cümhuriyyətin işğalı ərəfəsində bolşeviklərin ölkədə yaratdığı gərgin siyasi-ictimai durum həmin seçkilərin keçirilməsinə imkan vermədi və 28 aprel işğalı bunun qarşısını aldı.


Müəllif: Dilqəm Əhməd