26 Oktyabr 2021 13:57
251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi YARAT Müasir İncəsənət Məkanı ilə birgə təşkil olunan “Mədəni yenilənmə” adlı yeni multidistiplinar layihəyə start verir.

Teleqraf.com-un məlumatına görə, layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir.

Maarifləndirici xarakter daşıyan bu təşəbbüs tanınmış və istedadlı azərbaycanlıların yaradıcılığını gənclərimizə daha yaxın və daha anlaşılan edəcək.

“Mədəni yenilənmə” layihəsini həm də bu çətin pandemiya dövründə incəsənət və elm xadimlərinin rolunu və əhəmiyyətini cəmiyyətə xatırlatmaq cəhdi kimi qiymətləndirmək olar.

Biz dünyanın hər bir yerində yaşayan soydaşlarımızla Azərbaycan auditoriyası arasında möhkəm əlaqələrin qurulmasını son dərəcə vacib hesab edirik.

Fəaliyyət növündən asılı olaraq, layihənin hər bir iştirakçısına müxtəlif formatlı tədbirlərdə (ustad dərsləri, mühazirələr, yaradıcılıq görüşləri, konsertlər, film nümayişləri, monotamaşalar və s.) iştirak imkanı təqdim olunacaq.

Layihə çərçivəsində ilk qonağımız teatr prodüseri, rejissor, Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (QİTİS) ifaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədov olacaq.

Giriş sərbəstdir
Tarix: 28 oktyabr 2021-ci il
Saat: 19:00
Məkan: Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

İştirakçı sayı məhduddur
Qeydiyyat üçün: 050-246-92-92
COVİD pasportun olması mütləqdir.


Müəllif: Teleqraf.com